Sosial Özəl

Azərbaycanda 3 illik bakalavr modeli tətbiq oluna bilər — Açıqlama

Azərbaycanda 3 illik bakalavr modeli tətbiq oluna bilər — Açıqlama

ABŞ-də ənənəvi dördillik bakalavr təhsilinə alternativ olaraq üçillik proqramların sayı artır. Artıq ölkənin 26 ştatında ən azı bir universitet azaldılmış kredit yükü ilə üçillik bakalavr proqramı təklif edir. Azərbaycanda da belə bir təhsil modelinin tətbiqi mümkündürmü?

Təhsil eksperti Əmrah Həsənli Demokrat.az-a açıqlamasında söyləyib ki, Azərbaycanda belə bir modelin tətbiqi mümkün ola bilər və müəyyən ixtisaslar üzrə sınaqdan keçirilməsi də məqsədəuyğun olar:

“ABŞ-də hazırda 26 ştatda azaldılmış kredit yükü ilə 3 illik bakalavr proqramları tətbiq olunur. Əsas motivlər təhsil müddətinin və maliyyə yükünün azaldılmasıdır. Azərbaycanda 3 illik bakalavr modelinin tətbiqi mümkündür, amma bunu bütün ixtisaslara şamil etmək düzgün yanaşma olmaz. Hazırda Azərbaycanda tələbənin bakalavr təhsilini müəyyən edilmiş kreditləri daha intensiv şəkildə toplayaraq 4 ildən tez başa vurması üçün imkanlar mövcuddur.

Mən şəxsən tanıdığım, məsələn, Nəzrin xanım var. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 4 illik bakalavr təhsilini 3 ilə başa vurub. Yəni bu imkanlar artıq mövcuddur. Burada əsas məsələ təhsil müddətini sadəcə bir il azaltmaq deyil, təhsilin keyfiyyətini və məzunun əldə etdiyi kompetensiyaları qorumaqdır. Əgər 3 illik proqram müəyyən kreditlərin məzmununun və ya zəruri peşə bacarıqlarının sadəcə sıxlaşdırılması hesabına yaranacaqsa, bunun ciddi riskləri ola bilər. Amma əmək bazarının sürətlə dəyişdiyi bir dövrdə bəzi ixtisaslarda daha çevik model tətbiq etmək mümkündür. Məsələn, biznes, menecment və informasiya texnologiyaları sahələrində müəyyən ixtisaslar üzrə pilot 3 illik proqramlar hazırlana bilər”.

Ekspert bildirib ki, ABŞ-nin təcrübəsi də göstərir ki, bu model xüsusilə biznes və kompüter elmləri kimi sahələrdə daha geniş yayılır:

“Amma tibb, mühəndislik, müəllimlik kimi həm geniş nəzəri baza, həm də praktiki hazırlıq tələb edən ixtisaslarda belə bir keçidə daha ehtiyatlı yanaşmaq lazımdır.

Azərbaycan üçün ən optimal yol 3 və ya 4 il seçimli çevik bakalavr modeli ola bilər. Tələbə akademik göstəricilərinə və seçdiyi ixtisasın proqramına uyğun olaraq daha intensiv təhsil alıb 3 ilə məzun olmaq imkanına sahib ola bilər. Bu, həm tələbənin vaxtına, həm də maliyyəsinə qənaət edir, həm də əmək bazarına daha tez daxil olmasına şərait yaradır. Amma əsas prinsip dəyişməməlidir. Məqsəd diplomu tez vermək yox, əmək bazarına hazır məzun yetişdirmək olmalıdır”.

Fidan Hacızadə

D
demokrat.az