Cəmiyyət Özəl

Özəl universitetlərə inamı azaldan əsas amil nədir? — Açıqlama

Özəl universitetlərə inamı azaldan əsas amil nədir? — Açıqlama

Azərbaycanda özəl universitetlərə marağın azalması son dövrlərdə təhsil sahəsində müzakirə olunan məsələlərdən birinə çevrilib. Xüsusilə bəzi özəl ali təhsil müəssisələrinin fəaliyyətinin dayandırılması abituriyent və valideynlərin seçimlərinə təsir edən amillər sırasında göstərilir. Son məlumatlarda da bu il abituriyentlərin dövlət universitetlərinə daha çox üstünlük verdiyi, özəl ali məktəblərə münasibətdə isə müəyyən tərəddüdlərin yarandığı qeyd olunur.

Bəs Azərbaycanda özəl universitetlərə marağın azalmasının əsas səbəbləri nələrdir? Bu tendensiya gələcəkdə də davam edə bilərmi və özəl universitetlərin abituriyentlər üçün daha cəlbedici olması üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirib ki, Azərbaycandakı universitetlərin hər biri müvafiq qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərir və ali təhsil müəssisələrinin fəaliyyətində lisenziyalaşdırma və akkreditasiya tələbləri nəzərə alınır.

Özəl universitetlərə inamı azaldan əsas amil nədir? — Açıqlama

Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən özəl və dövlət universitetlərinin hamısı bərabərhüquqludur:

“Onların plan yerləri, digər məsələləri, məsələn, rəhbər orqanlarının seçilməsi və sair məsələlər var ki, bunlar ancaq özlərinə aid olan məsələlərdir. Amma dövlət universitetlərində rəhbər heyət, xüsusən də rektorlar Prezident tərəfindən təsdiqlənir. Sadəcə olaraq, bunlar arasındakı fərqlərdir.

Münasibətin dəyişməsinə gəlincə, bu, bir qədər daha çox özəl universitetlərin özlərinin PR işini düzgün qura bilməməsi ilə əlaqədardır. Çünki Azərbaycanda bir universitet artıq fəaliyyət göstərirsə, bu, onun müvafiq tələblərə uyğun fəaliyyət göstərdiyini göstərir. Yəni bu, artıq lisenziyası olan və akkreditasiya tələblərinə cavab verən universitetdir ki, məhz fəaliyyət göstərir.

İctimaiyyət arasında bu seçim ərəfəsində hətta bəziləri belə düşünür ki, “Mən ora qəbul olsam, qurtaranda həmin universitetin diplomu tanınarmı?”

Nəinki Azərbaycanda, hətta mən deyərdim sizə ki, Azərbaycanda fəaliyyət göstərən özəl universitetlərin bəziləri artıq dünya reytinqlərində müəyyən yerlərdə görünürlər. Məsələn, ilk minliyə düşən universitetlər sırasında Azərbaycan universitetləri arasında Xəzər Universiteti də özəl universitet kimi var.

Digər universitetlər var ki, əlbəttə, özəl universitetlərin bəzilərinin tədrisində müəyyən geriləmələr müşahidə olunur. Tədrisin keyfiyyəti ilə bağlı narazılıqlar, professor-müəllim heyəti ilə bağlı məsələlər var.

Artıq onların özlərinin saytlarından geniş informasiya almaq imkanları məhduddur. O baxımdan düşünürəm ki, özəl universitetlər məhz özləri bu PR işlərini yaxşı qurmalıdırlar ki, onları yaxşı tanısınlar, professor-müəllim heyətini görsünlər, tanısınlar, öz fəaliyyətləri haqqında geniş məlumat versinlər. Təəssüf olsun ki, bu yoxdur. Nəinki özəl universitetlərdə, çox təəssüf ki, bizim 100 ildən artıq tarixi olan universitetlərimizin də bəziləri öz işlərini belə PR etməkdə acizdirlər. Yəni onlar haqqında, müəllim-professor heyəti barədə məlumat axtaran zaman bunu tapmaq çətinlik yaradır.

O baxımdan Azərbaycanda fəaliyyət göstərən universitetlər arasında əsas fərqlərdən biri tədrisin keyfiyyəti ilə bağlıdır. Amma ümumi diplomun tanınması, iş fəaliyyəti və digər sahələr üzrə hamısı bərabərdir”, - deyə Məzahir Məmmədli fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az