Demokrat.az-ın məlumatına görə, Baş nazir Nikol Paşinyan bu barədə bu gün Milli Məclisdə hökumətin növbəti beş il üçün nəzərdə tutulan proqramını təqdim edərkən bildirib."Hazırda Ermənistanı beynəlxalq dəmir yolu şəbəkəsinə inteqrasiya etmək üçün bu tarixi imkanı itirmək riski ilə üz-üzəyik."
Qarşıda duran əsas vəzifələrdən biri hökumətin "Sülh qovşağı" təşəbbüsündən irəli gələn və 8 avqust 2025-ci ildə keçirilmiş Vaşinqton sülh sammitinin mühüm praktiki nəticəsi olan TRIPP layihəsinin bilavasitə həyata keçirilməsidir.
"Ermənistan əhəmiyyətli gəlirlər, investisiyalar, potensial iş yerləri və inkişaf imkanları itirir. Bəs nə üçün investorlar, yükdaşıyıcılar, eləcə də malların alıcı və satıcıları Yerasx–Axurik dəmir yolundan yayınmaq istəyirlər? Bunun sadə bir səbəbi var: dəmir yolunun bu hissəsi tamamilə Ermənistana məxsus olsa da, onun istismarı "Rusiya Dəmir Yolları" tərəfindən həyata keçirilir; eyni zamanda, Rusiya ilə Qərb arasındakı mürəkkəb münasibətlər və Rusiyaya qarşı tətbiq edilən sanksiyalar beynəlxalq investorları, yükdaşıyıcıları və treyderləri bu marşrutdan çəkinməyə vadar edir. Onlar bunu riskli hesab edir və birbaşa və ya dolayısı ilə sanksiyalara məruz qalan, yaxud belə bir risk daşıyan infrastrukturla əməkdaşlıqdan imtina edirlər. Başqa sözlə, onlar hesab edirlər ki, belə bir infrastrukturla işləməklə riskə gedirlər; xüsusilə də nəzərə alsaq ki, TRIPP vasitəsilə yükdaşımaların əsas müştəriləri Rusiyaya qarşı sanksiyalar tətbiq etmiş ölkələr olacaq", – deyə Paşinyan əlavə edib.
Onun sözlərinə görə, aydındır ki, Ermənistanın Rusiyaya qarşı tətbiq edilən sanksiyalarda heç bir iştirakı və ya onlara hər hansı təsiri yoxdur.
"Həmçinin aydındır ki, Ermənistanın dəmir yolunun "Rusiya Dəmir Yolları" tərəfindən idarə olunması ilə bağlı bizim heç bir problemimiz yoxdur. Bu, bizim üçün heç vaxt problem olmayıb və biz bu məsələni heç vaxt qaldırmamışıq. Eyni zamanda, bir daha vurğulamaq istəyirəm ki, dəmir yolu Ermənistanın mülkiyyətidir və sadəcə olaraq "Rusiya Dəmir Yolları" tərəfindən idarə olunur. Biz Rusiya Federasiyasına və onun maraqlarına böyük hörmətlə yanaşırıq. Lakin Ermənistanın dəmir yolu Rusiya tərəfindən idarə olunduğu üçün hazırda Ermənistanı beynəlxalq dəmir yolu şəbəkəsinə inteqrasiya etmək istiqamətindəki bu tarixi fürsəti itirmək riski ilə üz-üzəyik. Biz bunu əldən verə bilmərik. Məhz buna görə də biz Rusiya Federasiyasındakı tərəfdaşlarımızdan çeviklik nümayiş etdirmələrini və konsessiya hüquqlarını həm Ermənistan, həm də Rusiya üçün məqbul olan üçüncü bir ölkəyə satmalarını xahiş edirik", – deyə Ermənistan hökumətinin başçısı sözlərini yekunlaşdırıb.


