Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.“Azərbaycan Prezidentinin Özbəkistana səfəri hər iki ölkənin maraqları baxımından önəmli hadisədir. Nəzərə alsaq ki, tərəflər arasında münasibətlər son 5 ildə intensiv sürətlə inkişaf edir və bu dövr ərzində hər iki dövlət başçısının qarşılıqlı olaraq 15-ə yaxın səfəri gerçəkləşdirilib.
Bu müddət ərzində münasibətlər strateji tərəfdaşlıq səviyyəsindən müttəfiqlik münasibətlərinə yüksəlib və dünən imzalanan sənədlə bu münasibətlər əbədi dostluq münasibətlərinə çevrilib ki, bu da hər iki ölkənin gələcəkdə bir-birinə münasibətlərini xarakterizə edən amil kimi nəzərə alınmalıdır”.
Onun sözlərinə görə, Özbəkistan və Azərbaycan bu günə qədər bütün beynəlxalq və regional formatlarda demək olar ki, eyni mövqedən çıxış ediblər və bir-birini dəstəkləyiblər:
“Özbəkistan Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa-quruculuq işlərində iştirak edən və töhfə verən ölkələr sırasındadır.
Nəzərə alsaq ki, Özbəkistan həm də Orta Asiyada hazırda ən sürətli iqtisadi inkişaf tempinə malik olan ölkədir və investisiya, investorlar üçün olduqca cəlbedici bir ölkə halına gəlib ki, bu da ölkənin son bir neçə ildə iqtisadi inkişafının ciddi templə sürətlənməsinə gətirib çıxarıb.
Bu səfər həm iki ölkə, həm də Türk Dövlətləri Təşkilatı baxımından çox vacibdir. Çünki bu münasibətlərin dərinləşməsi Türk Dövlətləri Təşkilatında, Türk dünyasında inteqrasiya proseslərinə müsbət təkan verəcək.
Tərəflərin gələcək planları ticarət dövriyyəsini qarşıdakı 3 ildə 1 milyard dollara qədər qaldırmaq hədəfidir.
Bundan başqa, qarşılıqlı investisiyaların artırılması, xüsusilə də enerji, nəqliyyat, logistika istiqamətində addımların sürətlənməsi, turizmin inkişaf etdirilməsi və ən önəmlisi, Xəzər dənizinin dibi ilə enerji xətlərinin çəkilməsi, Xəzər dənizində Azərbaycanla yanaşı, Özbəkistanın da daşınmalarla bağlı donanmaya malik olması və s. kimi məsələlər öz həllini tapıb.
Bu səfər, bir daha qeyd edirəm, iki ölkənin, o cümlədən Türk dünyasının inteqrasiyası və əlaqələrin inkişafı baxımından önəmli bir səfər hesab olunmalıdır”, - deyə politoloq fikrini tamamlayıb.


