Türkiyəli aktrisa Özgü Kaya müğənni Murat Dalkılıçla münasibəti barədə səmimi açıqlamalar verib.
Demokrat.az xəbər verir ki, Kaya Ege Kökenlinin “Anne Biz Egelerdeyiz” adlı YouTube proqramında qonaq olub. O, ailəsində sevgi mühitində böyüdüyünü və sevgisini göstərməyi ailəsindən öyrəndiyini bildirib.
Aktrisa aktyorluğa təsadüfən başladığını deyib. Onun sözlərinə görə, uşaqlıqdan musiqi ilə maraqlanıb, gitara və piano öyrənib, konservatoriyada skripka təhsili alıb, daha sonra universitetdə opera fakültəsinə daxil olub. Həmin vaxt aktyorluq barədə düşünmədiyini və İtaliya ilə Vyanada təhsil almağı arzuladığını qeyd edib.
Özgü Kaya aktyorluğa keçidinin sosial şəbəkələrdə paylaşdığı videoların kastinq direktorlarının diqqətini çəkməsindən sonra baş verdiyini söyləyib. O, 19 yaşında ilk dəfə gənclər serialında rol alıb.
Murat Dalkılıçla münasibətindən danışan aktrisa sevgilisindən razı olduğunu vurğulayıb:
“Münasibətimiz yaxşı gedir. Gördüyündən də artığı var. Biz çox gözəl dəlilərik”.
Fərqli xarakterlərə sahib olduqlarını deyən Kaya bunu münasibətlərinin üstünlüyü hesab edir. O, Dalkılıçın Şir, özünün isə Dolça bürcü olduğunu və bu iki zidd bürcün yaxşı uyğunlaşdığını bildirib.
Aktrisa ev həyatlarının da olduqca spontan keçdiyini deyib:
“Biz iki sənətçidən çox, iki dəlinin yaşadığı ev kimiyik. Planlı yaşamırıq. Həmin an nə istəyiriksə, onu edirik. Bəzən Muratı çox sıxıram, bir az təmas aludəsiyəm”.
Kaya sevgilisinin onu ən çox əsəbiləşdirən xüsusiyyətini də açıqlayıb. Onun sözlərinə görə, Dalkılıç bəzən iki cümləlik məsələni 30 abzasla izah edir. Aktrisa bildirib ki, münasibətlərinin ilk vaxtlarında onu dinləyərkən yuxusu gəlirdi, lakin artıq sevgilisi bunu gözündən anlayır və danışığını qısaltmalı olduğunu bilir.
Özgü Kaya həmçinin bir-birlərinin işlərinə müdaxilə etdiklərini, lakin bunu qarşılıqlı hörmət çərçivəsində etdiklərini söyləyib. Onların yaradıcı fikirlərini bir-biri ilə bölüşdüyünü deyən aktrisa “Bir-birimizi təəccübləndirməyi sevirik və bunu böyük sevinclə edirik” ifadəsini işlədib.
Jalə Demokrat.az


