Psixologiya üzrə mütəxəssislərin fikrincə, özünü daha xoşbəxt hiss etməyə kömək edən üsullardan biri "əks istəklər siyahısı" hazırlamaqdır. Bu zaman gələcəkdə əldə etmək istədiyimiz şeylərə deyil, artıq yaşadığımız və bizi xoşbəxt edən anlara diqqət yetirilir.
Demokrat.az xəbər verir ki, bu barədə "The Times Of India" yazıb.
Psixiatr Syu Varma bildirir ki, insanlar xoşbəxt olmaq üçün çox vaxt gələcəyə fokuslanır, həyatlarında, münasibətlərində və nailiyyətlərində nəyi dəyişə biləcəkləri barədə düşünürlər. Lakin keçmişdə baş vermiş müsbət hadisələri xatırlamaq da nikbinliyi gücləndirə bilər.
Əks istəklər siyahısı nədir?
Əks istəklər siyahısında gələcəkdə reallaşmasını arzuladığınız hadisələri yazmaq əvəzinə, artıq əldə etdiyiniz və yaşadığınız gözəl məqamları qeyd edirsiniz.
"Bir çoxumuzun gələcəyə yönəlmiş istəklər siyahısı var. Lakin əks istəklər siyahısı belə deyir: “Baxın, mən həyatımda artıq nələrə nail olmuşam”. Nəyə görə minnətdaram? Hansı məqsədlərimi artıq reallaşdırmışam?", deyə Syu Varma izah edib.
Niyə bu üsul faydalıdır?
Varma qeyd edir ki, əks istəklər siyahısının hazırlanması insana həyata «stəkana yarıdolu tərəfdən baxmağa» kömək edə bilər.
Araşdırmalar göstərir ki, minnətdarlıq hissi əhval-ruhiyyəni yaxşılaşdıran dopamin və serotonin kimi neyrokimyəvi maddələrin ifrazına kömək edir. Bunun üçün minnətdar olduğunuz şeyləri yazmaq mütləq deyil – sadəcə onlar barədə düşünmək də müəyyən təsir göstərə bilər.
Araşdırmalardan birinə görə, minnətdarlıq hissi narahatlıq və depressiya səviyyəsinin azalmasına, yuxu keyfiyyətinin yaxşılaşmasına, eləcə də iltihab, stress və tənhalıq hissinin azalmasına kömək edə bilər.
Siyahını necə hazırlamaq olar?
Kağız və qələm götürün və sizə sevinc bəxş edən, özünüzü daha inamlı hiss etməyinizə səbəb olan anları qeyd edin. Bunun üçün cəmi 10 dəqiqə kifayətdir.
Yel Universitetinin psixologiya professoru Lori Santos vurğulayır ki, bunun sadəcə gündəlik və mexaniki bir fəaliyyətə çevrilməməsi vacibdir.
"Hər gün sadəcə “evim, həyat yoldaşım, övladlarım” deməklə kifayətlənmək olmaz", deyə professor bildirib.
Bunun əvəzinə sizi həqiqətən heyrətləndirən və sevindirən hadisələri xatırlayın. Həyatınızda nəyin daha çox olmasını istədiyinizi düşünün.
Bu məqamları yada salarkən onların sizdə yaratdığı hisslərə və niyə xüsusi olduğuna diqqət yetirin. Beləliklə, artıq yaşamaq xoşbəxtliyinə nail olduğunuz dəyərli və unudulmaz anlardan ibarət bir siyahınız yaranacaq.
Jalə Demokrat.az


