Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.“Rusiyanın müxtəlif media subyektləri uzun müddətdir ki, Azərbaycana qarşı qərəzli, qeyri-obyektiv, böhtan xarakterli informasiyalar ötürürlər. Bunun səbəbi, şübhəsiz ki, Azərbaycanın müstəqil siyasət həyata keçirməsi ilə əlaqədardır. Azərbaycanın güclənməsi ilə əlaqədardır. Hansı ki, Rusiyada bunu istəməyən dairələr həddindən artıq çoxdur. Və nəhayət, Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək Rusiyanın Cənubi Qafqazda yeni konfliktlər yaratmaq potensialını maksimum həddə məhdudlaşdırması ilə əlaqədardır”.
Onun sözlərinə görə, Rusiyadan Azərbaycana baxış hər nə qədər iki ölkə arasında hətta 2022-ci il fevralın 22-də imzalanmış Strateji müttəfiqlik haqqında Bəyannamə olsa belə dəyişmir:
“Rusiyanın bütövlükdə Cənubi Qafqaza baxışı da dəyişmir. Bu baxış bərabərhüquqlu dövlətlərə baxış yox, imperialist baxışdır.
Ona görə də vaxtaşırı Rusiya siyasi elitasının müxtəlif mərkəzlərindən mediaya xüsusi sifarişlə Azərbaycanı təhqir etmək, Azərbaycanın dəyərlərinə hücum etmək üçün tezislər göndərilir. Sonuncu baş verən hadisə də bununla əlaqədardır. Rusiya mediası buna son qoymalıdır. Azərbaycanın cavabı yerindədir və hüquqi mexanizmlərə əsaslanır. Azərbaycan Respublikasının Baş Prokurorluğu artıq bu, dırnaqarası, jurnalistlər haqqında cinayət işi başlayıb.
Azərbaycan Mətbuat Şurasının da bəyanatı olub. Mənə elə gəlir ki, Rusiya ictimai institutları da buna reaksiya verməlidirlər. Çünki hər hansı mərkəzdən sifariş alan 3-5 nəfər informasiya müharibəsinin “terrorçuları” Rusiya-Azərbaycan münasibətlərini korlamamalıdırlar və Rusiya ictimaiyyəti də buna yol verməməlidir”.
Qeyd edək ki, Azərbaycanın Baş Prokurorluğu üç Rusiya vətəndaşı - jurnalist İvan Knyazev, siyasi texnoloq və media eksperti Semyon Uralov və politoloq, hərbi-media texnoloqu Aleksey Çadayev barəsində cinayət işi üzrə istintaq aparıldığını açıqlayıb. İstintaqın materiallarına əsasən, həmin şəxslər barəsində konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışların edilməsi faktları ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.


