Sosial Özəl

Ölkədə ölüm göstəricisinin artmasına təsir edən amillər nələrdir? — Açıqlama

Ölkədə ölüm göstəricisinin artmasına təsir edən amillər nələrdir? — Açıqlama

Azərbaycanda ölüm hallarının sayında artım qeydə alınıb. 2026-cı ilin yanvar-iyun aylarında ölkədə 30 625 ölüm halının qeydə alınması və əhalinin hər 1000 nəfərinə düşən ölüm göstəricisinin 5,8-dən 6,0-a yüksəlməsi demoqrafik vəziyyətlə bağlı sualları aktuallaşdırır.

Ölüm göstəricilərinə əhalinin yaş strukturu, xroniki xəstəliklərin yayılması, səhiyyə xidmətlərinə çıxış, həyat tərzi və digər sosial-iqtisadi amillər təsir göstərə bilər. Bu baxımdan göstəricidəki artımın səbəblərinin araşdırılması və uzunmüddətli demoqrafik tendensiyaların qiymətləndirilməsi mühüm əhəmiyyət daşıyır.

Bəs ölüm hallarının artmasına hansı amillər təsir edir? Bu göstəricinin 5,8-dən 6,0-a yüksəlməsi Azərbaycan üçün nə dərəcədə ciddi demoqrafik siqnaldır və ölüm hallarının azaldılması üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Azərbaycan ictimai-siyasi xadimi, Milli Məclisin VII çağırış deputatı, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü və Türk Dövlətləri QHT Platformasının Baş katibi, Azərbaycan–Maldiv parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Allahverənov bildirib ki, ölüm hallarının səbəbləri arasında müxtəlif sosial, iqtisadi, sağlamlıq və psixoloji amillər də nəzərə alınmalıdır.

Ölkədə ölüm göstəricisinin artmasına təsir edən amillər nələrdir? — Açıqlama

Onun sözlərinə görə, ayrı-ayrı ölüm hallarının səbəblərinin araşdırılması demoqrafik vəziyyətin qiymətləndirilməsi baxımından əhəmiyyətlidir:

“Bu baxımdan, təbii ki, demoqrafik sahə ilə də onun bağlılığı var. İndi burada birbaşa bağlılıq olmasa da, çünki adətən intihar statistikası ümumi əhali sayı ilə müqayisədə çox olmadığı üçün əhalinin sayının kəskin şəkildə azalmasına və digər məsələlərə ciddi təsir etmir. Amma birbaşa olmasa da, dolayı yolla demoqrafik sahəyə təsir etmək iqtidarında olan hadisədir.

Çünki ümumiyyətlə, intihar hadisəsi sadəcə statistika deyil. Bu, eyni zamanda əhali arasında müxtəlif indikatorlar üzrə dəyişikliklərə səbəb olan bir məsələdir. Əmək bazarına bu və ya digər formada təsir edən, həmçinin kişi və qadınlar arasındakı balansın müəyyən mənada dəyişməsinə gətirib çıxara bilən hadisədir.

Bu baxımdan, nəzərə alsaq ki, bu statistik rəqəm ölkə əhalisinin demoqrafik mənzərəsinə bu və ya digər sahələrdə ciddi təsir göstərməsə də, müəyyən mənada dəyişikliyə səbəb ola bilən hadisə kimi dəyərləndirilməlidir.

Amma istənilən halda, bunun statistika olduğunu nəzərə alsaq, konkret olaraq müəyyən statistik göstəricilərdə dəyişiklik kimi də dəyərləndirilir. Məsələ bundadır ki, intihar hadisəsinə sırf demoqrafik və ya digər sahələrə təsiri aspektindən yanaşmaq da çox vacibdir. Çünki bir intihar hadisəsi baş verirsə, onun yaranmasına və ya baş verməsinə səbəb olan müəyyən hallar var. Bu hallar da istənilən halda demoqrafik mənzərə ilə, əmək bazarı ilə, iqtisadi fəaliyyətlə əlaqədar ola bilər.

Burada hadisə bilavasitə sağlamlıq və digər aspektlərdən də qaynaqlana bilər. Bu da nəticə etibarilə bütövlükdə ölkə əhalisinin müxtəlif kontekstdəki indikatorlarına təsir edən və onlardan irəli gələn hadisə kimi dəyərləndirilə bilər.

Qarşısının alınması və digər məsələlərə gəldikdə isə, təbii ki, burada önəmli olan məsələ hər bir intihar hadisəsinin araşdırılması və müəyyən nəticələrin əldə olunmasıdır. Bunun əsasında bu və ya digər formada belə hadisələrin qarşısının alınması üçün alqoritm formalaşdırmaq mümkündür. Çünki burada, şübhəsiz ki, psixoloji aspektlər də öz təsirini göstərə bilir. Bir qədər əvvəl qeyd etdiyim məişət problemləri, sağlamlıqla bağlı hansısa səbəblər öz təsirini bu hadisəyə bu və ya digər formada göstərə bilər.

İqtisadi fəaliyyətlə bağlı olan amillər də buna təsir edə bilər. İndi önəmli olan, təbii ki, intihar statistikasının səbəblər üzrə faiz bölgüsünün müəyyənləşdirilməsidir. Bu, olduqca önəmlidir. Çünki hazırda mən bu sahə ilə məşğul olmasam da, əlimin altında hansısa faiz göstəriciləri yoxdur ki, hansı səbəbdən intihar hadisələrinin baş verdiyini faiz nisbətində görə bilək. Belə bir statistika olsa, bunu, təbii ki, görə bilərik.

Məsələn, həmin hallar üzə çıxarılan zaman, eyni zamanda, intihar edən şəxslərin yaş qruplarına da diqqət yetirmək lazımdır. Çünki burada hər bir yaş qrupunun bu məsələ ilə bağlı özünəməxsus xüsusiyyətləri var. Nəticə etibarilə, intihar edən şəxsin hansı yaş qrupuna aid olması həmin yaş qrupunun xüsusiyyətlərindən irəli gələrək, konkret olaraq intihar hadisələrinin qarşısının alınması ilə bağlı müəyyən yanaşmalar formalaşdırmağa imkan verə bilər.

Məsələn, yeniyetmələr və azyaşlı uşaqlarla bağlı da intihar hadisələrinə rast gəlirik. Bu halların rəqəmsal asılılıq və digər səbəblərdən qaynaqlandığı hallar da var. Müxtəlif rəqəmsal oyunlar və platformalar üzərindən uşaqlar çox rahat şəkildə müxtəlif xoşagəlməz hadisələrə sürüklənə bilərlər ki, bu da nəticə etibarilə sonrakı mərhələdə intihar hadisəsi ilə nəticələnə bilər.

Məsələn, burada rəqəmsal platformalarla bağlı mübarizənin aparıldığını görürük. Xüsusilə də hazırkı qanunvericiliyə görə, 16 yaşı tamam olmamış şəxslərin sosial media platformalarında qeydiyyata alınmasının məhdudlaşdırılması ilə bağlı müddəaların yer aldığını görürük. Bu da mübarizə üsullarından biri kimi dəyərləndirilə bilər”.

Deputat əlavə edib ki, istənilən halda, intihar hadisəsinin xüsusiyyəti haldan-hala dəyişə bilir və hər bir halın özünəməxsus yanaşması və xüsusiyyəti var:

“Bu səbəbdən də ümumiləşdirilmiş şəkildə, konkret vahid bir alqoritm üzərindən mübarizəni həyata keçirmək çox çətindir. Çünki haldan-hala xüsusiyyət dəyişə bilir. Xüsusiyyət dəyişdiyi halda, yanaşma və alqoritm də dəyişməlidir.

Bu baxımdan düşünürəm ki, burada psixoloji cəhətdən həssas və ya risk qrupuna daxil olan əhali seqmentləri arasında işlərin həyata keçirilməsi, müəyyən maarifləndirmə tədbirlərinin aparılması, mümkün təhlükələrdən insanların qorunması və düzgün istiqamətləndirilməsi ümumi alqoritmin əsas elementləri ola bilər.

Amma qeyd etdiyim kimi, bu hadisə sırf sosiopsixoloji nöqteyi-nəzərdən olduqca həssas mövzu kimi dəyərləndirildiyi üçün düşünürəm ki, peşəkarların, mütəxəssislərin, xüsusilə də insanların psixi vəziyyəti və psixoloji durumu ilə bağlı fəaliyyət göstərən şəxslərin ayrı-ayrı risk qrupları arasında profilaktik tədbirlərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərməsi olduqca vacibdir.

Bu da müəyyən mənada insanları mümkün təhlükələrdən, xüsusilə də intihara sürüklənmədən qoruyacaq yanaşmanın formalaşmasına gətirib çıxara bilər. Amma səbəblər aradan qalxmadığı təqdirdə təhlükələr hər zaman mövcuddur.

Məsələn, düşünürəm ki, həmin səbəblər də ayrı-ayrı sahələrə aid olduğu üçün bu işdə təcrübəsi olan müxtəlif mütəxəssislərin və ya aidiyyəti qurumların fəaliyyət göstərməsi, məhz intihar hadisələrinin qarşısını almaqla yanaşı, intihara səbəb ola biləcək halların aradan qaldırılması istiqamətində də iş aparması olduqca vacibdir”, - deyə Azər Allahverənov fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az