Alimlər Uqandada eyni anda bir neçə müasir preparata davamlı olan malyariya plazmodiumunun yeni variantlarını aşkarlayıblar. Törədicinin davamlılığını əvvəllər məlum olmayan PX1 genindəki mutasiyalar təmin edir. Bu mutasiyalar ölkənin qərb və şərqində tədqiq edilən ştammların təxminən yarısında artıq yayılıb.
Demokrat.az xəbər verir ki, bu barədə Braun Universitetinin mətbuat xidməti məlumat yayıb. Tədqiqatın nəticələri Nature Medicine jurnalında dərc olunub.
Tədqiqatçılar malyariya müalicəsinin nəticə vermədiyi 150-dən çox pasiyentin qan nümunəsini araşdırıblar. Plazmodiumun DNT-sinin analizi əvvəllər dərmanlara davamlılıqla əlaqələndirilməyən PX1 genində beş mutasiya aşkar edib. Laboratoriya təcrübələri göstərib ki, bu dəyişikliklər törədicinin artemizinin, lumefantrin və digər preparatlara davamlılığını bir neçə dəfə artırır.
Əvvəllər malyariya plazmodiumunun dərmanlara davamlılığının əsas genetik göstəricisi KELCH13 geni hesab olunurdu. Lakin yeni araşdırma göstərir ki, törədici başqa mexanizmlə də davamlılıq qazana bilər.
Yeni variantların nə dərəcədə geniş yayıldığını müəyyənləşdirmək üçün alimlər 2004-2024-cü illər arasında Uqandada toplanmış təxminən 1,5 min plazmodium nümunəsini təhlil ediblər. Məlum olub ki, PX1 mutasiyaları 2000-ci illərin ortalarında yaranıb və bundan sonra sürətlə yayılmağa başlayıb. Hazırda ölkənin ayrı-ayrı bölgələrində tədqiq edilən ştammların təxminən yarısında bu mutasiyalar mövcuddur.
Alimlər xəbərdarlıq edirlər ki, belə variantların yayılması mövcud müalicə sxemlərinin effektivliyini azalda və malyariya ilə mübarizəni çətinləşdirə bilər. Tədqiqatçıların fikrincə, nəticələr davamlı infeksiya formalarını müəyyənləşdirə bilən yeni preparatların və diaqnostika üsullarının hazırlanmasının zəruriliyini göstərir.
Malyariya, xüsusilə Afrikanın Saxaradan cənubunda yerləşən ölkələr üçün ən ciddi infeksion təhlükələrdən biri olaraq qalır. Plazmodiumun dərmanlara davamlı variantlarının sürətlə yayılması xəstəliyə nəzarəti çətinləşdirə və ağır halların sayını artıra bilər.
Jalə Demokrat.az


