Meksikada 2024-cü ildə yenidən ortaya çıxan “ət yeyən” parazit təhlükəsi genişlənməkdə davam edir. Xəstəlik artıq ABŞ-ın Texas ştatına da çatıb.
Demokrat.az xəbər verir ki, Meksikada “ət yeyən” qurd milçəyi ilə bağlı epidemiya yenidən ciddi narahatlıq yaradıb. 2024-cü ildə başlayan yayılma nəticəsində 2025 və 2026-cı illərdə 500-dən çox insan yoluxub, 6 nəfər həyatını itirib.
Tibbdə miaz adlandırılan xəstəlik dişi milçəklərin açıq yaralara yumurta qoyması nəticəsində yaranır. Yumurtalardan çıxan sürfələr canlı toxuma ilə qidalanaraq ciddi zədələnmələrə səbəb olur.
Həftəlik yoluxma halları üç dəfə artıb
Məlumata görə, 2025-ci ildə həftə ərzində orta hesabla 3 yoluxma qeydə alınırdı. 2026-cı ildə isə bu göstərici həftədə 9-dan çox olub.
Meksikada heyvanlar arasında 36 mindən çox yoluxma qeydə alınıb. Avqust ayına olan məlumata görə, ölkədə təxminən 2 min aktiv heyvan xəstəliyi aşkarlanıb.
Parazit təhlükəsi ABŞ-a da keçib. Texas ştatında 45 heyvan yoluxması qeydə alınıb.
Ən çox yaşlı və xroniki xəstəliyi olan şəxslər risk altındadır
Məlumatlara əsasən, araşdırılan xəstələrin 72 faizini kişilər təşkil edib. Yoluxanların 77 faizində isə ən azı bir xroniki xəstəliyin olduğu müəyyənləşdirilib.
Xəstəlikdən ölənlərin orta yaşı 79,5 olub. Sürfələrin ən çox ayaq və baldır nahiyəsində yerləşdiyi bildirilib. Bundan başqa, baş, burun, göz, ağız və cinsiyyət orqanlarının toxumalarının da zədələnə bildiyi qeyd olunur
Jalə Demokrat.az


