Bir vaxtlar “Qonşu qonşunun külünə möhtacdır” deyimi gündəlik həyatın ayrılmaz hissəsi idi. Qonşular bir-birinin evinə gedir, süfrə arxasında söhbətləşir, yaxşı və pis gündə bir-birinə dayaq olurdular. Bu gün isə eyni binada, hətta eyni mərtəbədə yaşayan insanların bir-birini tanımaması artıq adi hal alıb.
Demokrat.az xəbər verir ki, sosioloqlar müasir şəhər həyatının qonşuluq münasibətlərini əhəmiyyətli dərəcədə dəyişdirdiyini bildirirlər.
Çoxmərtəbəli binalarda yaşayan insanların sayı artsa da, üz-üzə ünsiyyət azalır. Liftə birlikdə minən sakinlərin əksəriyyəti qısa salamlaşmaqla kifayətlənir.
Bu dəyişiklikdə telefon və sosial şəbəkələrin də rolu var. İnsanlar boş vaxtlarını qonşularla söhbət etmək əvəzinə virtual aləmdə keçirməyə üstünlük verirlər. Hətta bir binada yaşayan sakinlər bir-biri ilə daha çox bina qruplarında yazışır, üz-üzə ünsiyyət isə getdikcə azalır.
Digər səbəb isə gərgin iş qrafiki və yorğunluqdur. Günün böyük hissəsini işdə keçirən insan evə qayıtdıqdan sonra vaxtını ailəsinə və istirahətə ayırmağa çalışır.
Məişət xidmətlərinin genişlənməsi də qonşular arasında əvvəlki qarşılıqlı yardıma ehtiyacı azaldıb. Ərzaq evə sifariş edilir, təmir üçün usta çağırılır, bir çox xidmət isə telefon vasitəsilə həll olunur.
Mütəxəssislərin fikrincə, qonşuluq münasibətlərinin zəifləməsi yalnız sosial əlaqələrin azalması deyil, tənhalıq hissinin güclənməsi baxımından da diqqət çəkir.
Texnologiya uzaqdakı insanlarla əlaqəni asanlaşdırsa da, bəzən insanı bir qapı arxasında yaşayan qonşusundan belə uzaq sala bilir.
Jalə Demokrat.az


