Siyasət Özəl

Hikmət Babaoğlu: Naxçıvan əhalisinin rifahının təmin olunması əsas prioritetlərdəndir

Hikmət Babaoğlu: Naxçıvan əhalisinin rifahının təmin olunması əsas prioritetlərdəndir

“Azərbaycan Prezidentinin Naxçıvana səfəri şəhərin sosial-iqtisadi həyatında mühüm hadisələrlə yadda qalacaq. Çünki bu səfər sadəcə regional, qlobal kommunikasiya və logistika ilə əlaqədar deyil, həm də Naxçıvanın birbaşa iqtisadi münasibətlər sisteminin yeni mərhələsinin yaradılması ilə yadda qaldı”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Hikmət Babaoğlu: Naxçıvan əhalisinin rifahının təmin olunması əsas prioritetlərdəndir

Onun sözlərinə görə, Azərbaycan Prezidenti tərəfindən Naxçıvanın sosial-iqtisadi inkişafı üçün 58 milyon manat vəsaitin ayrılması da bunun əsas bariz nümunəsidir:

“Prezident Naxçıvanda yeni evlərin tikilməsi, Naxçıvan Sənaye Parkının yaradılması, Naxçıvanda yeni enerji mənbələrinin formalaşdırılması və istismara verilməsi ilə bağlı söylədiyi fikirlər hər şeydən öncə Naxçıvan əhalisi üçün rifah deməkdir. Çünki bütün yeni yaranan iqtisadi münasibətlər sistemində nəticə etibarilə Azərbaycan vətəndaşları çalışacaq və onlar öz ailə büdcələrini, öz rifahlarını təmin edəcəklər. Bu, əlbəttə ki, əgər biz buradakı istiqamətlərə nəzər salsaq, görəcəyik ki, onlar daimi olan yatırımlardır. Və bu sərmayələrdən sonra, öz-özlüyündə, yenidən sosial-iqtisadi münasibətlərin dərinləşməsi, Naxçıvanda sənayenin formalaşması, yolların çəkilməsi, şəhərin abadlaşdırılması və mədəni münasibətlərin inkişafı üçün yeni əsaslar yaranacaqdır”.

Deputat Azərbaycan Prezidentinin Naxçıvana səfəri zamanı ən yaddaqalan məsələlərdən birinin Naxçıvan Dövlət Universiteti üçün yataqxananın tikilməsi ilə bağlı verdiyi qərarın olduğunu əlavə edib:

“Naxçıvanın elmi və mədəni mühiti bir qədər coğrafi baxımdan lokal xarakter daşısa da, məzmun və əhəmiyyət baxımından Azərbaycanın ən öndə olan elmi-mədəni mühitlərindən biridir. Naxçıvan Dövlət Universiteti bu gün Azərbaycanın hər yerindən tələbələr qəbul etməklə ən müasir ixtisaslar üzrə kifayət qədər hazırlıqlı kadrlar yetişdirməyi bacarır və eyni zamanda, yerləşdiyi coğrafiya etibarilə, həm də bir növ beynəlxalq universitet funksiyasını yerinə yetirir. Universitet üçün yataqxananın tikilməsi isə, əlbəttə ki, Naxçıvanın təhsil həyatında mühüm bir hadisəyə çevriləcəkdir. Eyni zamanda, bu, universitetin, elmin və təhsilin inkişafına, bütövlükdə Azərbaycanda, gətirib çıxaracaqdır. Ona görə də mən düşünürəm ki, Azərbaycan Prezidentinin səfəri hər nə qədər digər kommunikasiya, logistika, yeni hidroenerji qurğuları kontekstində mühüm əhəmiyyətli idisə, bundan daha çox əhalinin, şəhər əhalisinin rifaha qovuşması kontekstində də olduqca əhəmiyyətli idi. Bu isə, əlbəttə ki, gələcəkdə Naxçıvanın daha da inkişaf etməsinə gətirib çıxaracaq”.

Fidan Hacızadə

D
demokrat.az