Sosial Özəl

İşsizliyin artması yoxsulluq riskini artıra bilər — Deputat

İşsizliyin artması yoxsulluq riskini artıra bilər — Deputat

Azərbaycanda rəsmi işsizlərin sayının son bir ildə 8,5 faiz artması əmək bazarında baş verən proseslərə diqqəti artırıb. İşsizliyin artmasına hansı amillərin təsir etdiyi, əmək bazarında struktur dəyişikliklərinin bu prosesdə rolu və yeni texnologiyaların məşğulluğa mümkün təsirləri müzakirə olunur. Xüsusilə, "süni intellekt və avtomatlaşdırmanın bir sıra peşələrdə insan əməyinə tələbatı azaltması gələcəkdə işsizliyin səviyyəsinə təsir göstərə bilərmi?" sualını gündəmə gətirib.

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib ki, əmək bazarında baş verən struktur dəyişiklikləri, ixtisaslara tələbin dəyişməsi və müəyyən sahələrdə aparılan ixtisarlar məşğulluğa öz təsirini göstərir.

Onun sözlərinə görə, xüsusilə dövlət qurumlarında optimallaşdırma və struktur dəyişiklikləri nəticəsində müəyyən sayda iş yerlərinin azalması əmək bazarında təzyiqi artıra bilər:

“Bu prosesin qarşısının tamamilə alınması mümkün olmasa da, əsas məsələ işini itirən insanların yeni əmək bazarına uyğunlaşmasına şərait yaratmaqdır. Burada sahibkarlıq və özəl sektorun inkişafı xüsusi əhəmiyyət daşıyır. Əgər dövlət sektorunda çalışan vətəndaş hər hansı səbəbdən işini itirirsə, onun qarşısında alternativ məşğulluq imkanları olmalıdır. Bunun üçün özəl sektorun genişlənməsi, yeni müəssisələrin və bizneslərin yaradılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi, eləcə də yeni peşələr üzrə təlim və ixtisasartırma proqramlarının artırılması vacibdir.

Əmək bazarının tələbləri dəyişdikcə insanların da yeni bacarıqlar əldə etməsinə imkan yaradılmalıdır. Bu baxımdan peşə hazırlığı, rəqəmsal bacarıqların inkişafı və işçilərin bir sahədən digərinə keçidini asanlaşdıran mexanizmlər daha da gücləndirilməlidir. İnsan dövlət sektorunda iş tapa bilmədikdə və ya ixtisar nəticəsində işini itirdikdə uzun müddət işsiz qalmaq əvəzinə, özəl sektorda və digər sahələrdə yeni iş imkanlarına yönələ bilməlidir.

Əsas məqsəd əmək bazarında baş verən dəyişikliklərin kütləvi işsizliyə çevrilməsinin qarşısını almaqdır. Çünki işsizliyin artması yalnız iqtisadi məsələ deyil, eyni zamanda sosial rifaha birbaşa təsir edən amildir. Davamlı gəlirin itirilməsi ailələrin maddi vəziyyətini çətinləşdirə, nəticədə yoxsulluq riskini artıra bilər.

Ona görə də qarşıdakı dövrdə həm dövlət, həm də özəl sektor tərəfindən daha çox məşğulluq imkanlarının yaradılması, sahibkarlığın stimullaşdırılması və işçi qüvvəsinin yeni iqtisadi reallıqlara uyğunlaşdırılması prioritet istiqamətlərdən biri olmalıdır. Azərbaycan vətəndaşı daha yaxşı həyat şəraitinə, layiqli əmək və sabit gəlir imkanlarına malik olmağa haqq edir. Bunun üçün əmək bazarında yaranan çağırışlara əvvəlcədən hazırlaşmaq və insanların yeni imkanlara keçidini təmin edən effektiv mexanizmləri gücləndirmək vacibdir”, – deyə deputat fikrini tamamlayıb.

Qeyd edək ki, bu il iyulun 1-nə Azərbaycanda 248,5 min nəfər işsiz kimi qeydiyyatda olub. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik "Pul Siyasəti İcmalı"nda bildirilir. Sənədə əsasən, bu, yanvarın 1-i ilə müqayisədə 3,6 % çoxdur. Son 1 ildə isə ölkədə rəsmi işsizlərin sayı 8,5 % artıb.

Nuray Paşşanlı

D
demokrat.az