Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakıda son iki ildə mikromobillik infrastrukturunun yaradılması və inkişafı istiqamətində mühüm işlər görülüb. Cari ilin 7 ayı ərzində isə kirayə xidmətində olan velosiped və skuterlər 2 297 405 dəfə sifariş olunub. Yanvar-iyul aylarında mikromobillik vasitələrindən istifadəçi sayı 1 160 228 nəfər olub və ümumilikdə 4 918 839 km məsafə qət edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həm sifariş, həm də istifadəçi sayında 1,2 dəfə artım deməkdir.
Velosiped və skuterlərin sayının artması şəhər nəqliyyatının yükünü real olaraq nə qədər azalda bilər?
Nəqliyyat eksperti Raqif Raufoğlu Demokrat.az-a açıqlamasında söyləyib ki, velosiped və skuterlərdən istifadə edənlərin sayının artması müsbət haldır:

“Amma burada bizim üçün maraqlı olan əsas məqam onların hansı nəqliyyat vasitəsindən keçərək mikromobilliyə üstünlük verməsidir. Yəni bu insanlar əvvəllər avtomobildən, metrodan və ya digər ictimai nəqliyyatdan istifadə edirdilər, yoxsa piyada hərəkət edirdilər? Bunu dəqiq müəyyənləşdirmək çətindir. Amma ən azı istifadəçilərin arasında kuryerləri, tələbələri, eləcə də yaşadığı əraziyə yaxın məsafədə işləyən insanları görmək mümkündür. Əgər bu insanlar mikromobillik vasitələrini alternativ nəqliyyat kimi dəyərləndirir və istifadə göstəriciləri artan templə davam edirsə, bu, müsbət nəticədir”.
Ekspert əlavə edib ki, xüsusilə qarşıdakı dövrdə bizi çətin bir il gözləyir:
““28 May” və “Nizami” metro stansiyalarının bağlanması nəqliyyat baxımından müəyyən çətinliklər yaradacaq. Bu ərazilərdən universitetlərə gedən tələbələri nümunə götürsək, onların bir hissəsi həmin dövrdə alternativ olaraq skuterdən və ya velosipeddən istifadə edə bilər. Bu baxımdan, artıq müəyyən mikromobillik infrastrukturunun yaradılması əhəmiyyətlidir. Əvvəllər belə bir imkanımız yox idi. Bu gün isə həmin infrastruktur mövcuddur və tələbə və ya yaxın ərazidə işləyən şəxs görürsə ki, onun üçün ən əlverişli alternativ skuterlə və ya velosipedlə hərəkət etməkdir, deməli, bu istiqamətdə görülən işlər öz nəticəsini verir.
Çünki fors-major vəziyyətlərdə şəhərdə alternativ nəqliyyat imkanlarının olması vacibdir. Qarşıdakı bir il ərzində də mikromobillik vasitələrindən istifadənin artan templə davam etdiyini görə bilərik. Hazırda marşrut və avtobus alternativləri olsa da, onların metroda yaranacaq əlavə yükü tam şəkildə üzərinə götürməsi çətin olacaq. Amma həmin istiqamətlərdə, heç olmasa, iki kilometrə qədər olan məsafələri tələbələr və ya ərazidə işləyən insanlar velosiped və skuterlərlə qət etməyə üstünlük versələr, təbii ki, həmin mikromobillik zolaqlarından istifadənin ciddi şəkildə artdığını müşahidə edə bilərik”.


