Ağdaş rayonunda gənc oğlan yetkinlik yaşına çatmayan qızı evlənmək məqsədilə qaçırdığı və onunla intim əlaqədə olduğu üçün həbs edilib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Ağdaş rayonunun kəndlərindən birində baş verib. Səbuhi həmin kənddə yerləşən yaşadığı fərdi yaşayış evinin yataq otağında 13 yaşında olan Səmayəyə (adlar şərtidir – red.) qarşı seksual xarakterli hərəkətlər edib, onun razılığı əsasında könüllü olaraq bir dəfə təbii yolla cinsi əlaqədə olub.
Səbuhinin barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Səbuhi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Səmayəni təxminən iki ildir tanıyır:
“2024-cü ilin yanvar ayının sonlarında Ağdaş şəhərində orta məktəbin qarşısından keçən zaman bir neçə dəfə Səmayəni gördüm. Lakin onunla aramızda hər hansı tanışlıq olmayıb. Növbəti günlərin birində məktəbin yaxınlığından keçən zaman Səmayə mənə yaxınlaşaraq dost olmaq istədiyini söylədi. Ona tanımadığım qızlarla danışmadığımı bildirdim. Səmayə danışaraq tanış ola biləcəyimizi söylədi. Əvvəlcədən bir neçə dəfə gördüyüm üçün Səmayədən xoşum gəldi. Lakin utandığım üçün ona yaxınlaşa bilmədim. Səmayənin özünün də mənimlə danışmaq istədiyini bildiyim üçün onunla razılaşdım və əlaqə saxlamaq üçün istifadəmdə olan mobil nömrəmi ona verdim. Səmayə mobil telefondan istifadə etmədiyini bildirdi və həmin vaxt anası Günayın mobil nömrəsini mənə verdi. Həmin vaxtdan sonra bir-birimiz ilə “WhatsApp” ani mesajlaşma mobil tətbiqi vasitəsilə əlaqə saxlamağa başladıq. Bir müddət sonra aramızda sevgi münasibətlərimiz yarandı. Buna görə də Səmayə bir neçə dəfə məktəbdən çıxdıqdan sonra onunla Ağdaş şəhəri Heydər Əliyev adına olan parkda görüşdük, söhbət etdik. Həmin vaxt aramızda hər hansı intim münasibətlərimiz olmadı”.
Təqsirləndirilən şəxs deyib ki, təxminən 2 ay sonra anası Süsənə Səmayə ilə arasında sevgi münasibəti olduğunu və ona elçi getməsini söyləyib:
“Anam mənimlə razılaşaraq bacısı Gülsüm ilə birlikdə Səmayəgilə getdi. Səmayənin anası əri ilə danışaraq anama xəbər edəcəyini bildirdi. Həmin gün axşam Səmayə zəng edərək maddi vəziyyətləri pis olduğu üçün atasının nişan edə bilməyəcəyini söylədi. Səmayəyə onu gözləyəcəyimi bildirdim və işləmək üçün Bakı şəhərinə gedəcəyimi dedim. Səmayə onu da özümlə Bakı şəhərinə aparmağımı söylədi. Səmayəyə yaşı az olduğu üçün özümlə apara bilməyəcəyimi, əks halda məsuliyyət daşıdığımı dedim. Səmayə onu özümlə aparmayacağım təqdirdə özünü öldürəcəyini söylədi. Bundan sonra həqiqətən də Səmayənin özünü öldürəcəyindən qorxaraq onunla razılaşdım”.
Səbuhinin ifadəsinə görə, sonuncu dəfə Səmayə ilə “WhatsApp” ani mesajlaşma mobil tətbiqi vasitəsilə danışan zaman növbəti gecə gələcəkdə ailə qurmaq məqsədi ilə birlikdə qaçmaq barədə razılığa gəliblər:
“Buna görə də növbəti gecə Səmayə zəng edərək atasının yatdığını və gələrək yolun kənarından onu götürməyimi bildirdi. Bundan sonra Yevlax rayonu ərazisində tanımadığım taksiyə əyləşdim və Ağdaş rayonuna gəldim. Səmayəni yolun kənarından götürərək Ağdaş rayonunun kəndində yerləşən yaşadığım evə gətirdim. Həmin vaxt valideynlərim yatdığı üçün bizi heç kim görmədi. Həmin gün Səmayə ilə bir otaqda qalsaq da, Səmayə dəmir çarpayıda, özüm isə döşəmənin üstünə sərdiyim döşəyin üzərində yatdıq”.
Səbuhi deyib ki, səhəri gün yuxudan oyandıqdan sonra anası, atası və qardaşı onları görüblər:
“Onlar məni Səmayəni qaçırdığım üçün danlamağa başladılar. Səmayə ailə üzvlərimə mənimlə könüllü olaraq gəldiyini bildirdikdən sonra sakitləşdilər. Bir neçə dəqiqə sonra Səmayənin anası zəng edərək qızının mənimlə birlikdə olub-olmadığını soruşdu. Səmayənin bizimlə birlikdə olduğunu söylədikdən sonra onu geri qaytarmağımı söylədi. Həmin vaxt Səmayə telefonu əlimdən alaraq anasına mənimlə könüllü gəldiyini, əgər geri qayıdarsa, özünü öldürəcəyini bildirdi. Həmçinin Səmayə geri qayıtmaması üçün anasına mənimlə cinsi əlaqədə olmağı barədə yalan məlumat verdi. Bundan sonra anası başqa söz söyləmədi və telefonu söndürdü. Həmin gün Səmayə ilə cinsi əlaqədə olmaq barədə razılığa gəldik. Gecə yataqda əlaqədə olduq. Həmin vaxt Səmayənin bakirəliyi pozuldu”.
Ağdaş Rayon Məhkəməsinin hökmü ilə Səbuhi 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


