Siyasət Özəl

"Vaşinqton razılaşması sülh prosesinin hüquqi-siyasi arxitekturasının əsasına çevrildi"

Vaşinqton razılaşması sülh prosesinin hüquqi-siyasi arxitekturasının əsasına çevrildi

“Sülh müqaviləsinin paraflanmasını və onun sonradan imzalanıb ratifikasiya edilməsini nəzərdə tutan “Birgə Bəyannamə”dən bir il keçdi. Bəyannamə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən imzalanıb. ABŞ Prezidenti Donald Tramp isə sənədin imzalanmasına şahidlik edib”.

Bu sözləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Çingiz Şahbazi deyib.

Onun sözlərinə görə, bir il keçməsinə baxmayaraq, proses hələ tam başa çatmayıb:

“Çünki yekun sülh müqaviləsinin imzalanması və ratifikasiyası, Ermənistan Konstitusiyası ilə bağlı məsələ və TRIPP-in praktiki həyata keçirilməsi hələ də prosesin əsas mərhələləri hesab olunur və Azərbaycanın irəli sürdüyü 5 əsas prinsip açıq olaraq qalmaqdadır. Hansı ki, bu prinsiplər Vaşinqton sənədindən öncə, 2022-ci ildə sülh danışıqlarının əsası kimi Azərbaycan tərəfindən şərt olaraq Ermənistan tərəfinə təqdim olunub və Ermənistan bu şərtləri yerinə yetirməlidir. Dövlətlərin bir-birinin suverenliyinin tanınması, ərazi bütövlüyünün tanınması, dövlət sərhədlərinin toxunulmazlığının tanınması, bir-birinə qarşı ərazi iddialarından imtina və gələcəkdə münasibətlərin qurulmasında gücdən və güc tətbiqi hədəsindən imtina. Bunun üçün Ermənistan hökuməti öz ölkəsində Konstitusiyada dəyişiklik etməlidir ki, Azərbaycanın irəli sürdüyü əsas prinsipləri yerinə yetirmiş olsun. Vaşinqton prosesinin isə mühüm nəticəsi və əhəmiyyəti məhz ondan ibarətdir ki, bu yanaşma beynəlxalq sənədə çevrildi və Ermənistan tərəfindən də qəbul edildi. Yuxarıda qeyd olunan prinsiplər sənəddə öz əksini tapır. Daha dolğun şəkildə ifadə etsək, Bakının 2022-ci ildə irəli sürdüyü çərçivə 2025-ci ildə Vaşinqtonda artıq sülh prosesinin hüquqi-siyasi arxitekturasının əsasına çevrildi. Əldə olunan razılaşmanı ABŞ Prezidenti Donald Tramp özünün uğurlu siyasəti olaraq təqdim etdi. Regionda sülhlə yanaşı, ABŞ üçün ticarət, tranzit, enerji, infrastruktur və texnologiya imkanları olaraq da ön plana çıxdı”.

Ekspert əlavə edib ki, Vaşinqton razılaşmasının daha bir əhəmiyyəti Rusiyanın Cənubi Qafqaza olan təsirini məhdudlaşdırır və Rusiya öz yerini ABŞ-yə vermək məcburiyyətində qaldı:

“ABŞ-nin digər məqsədi regionda Rusiya və İranın tranzit üstünlüyünü zəiflətmək və bu səbəbdən Azərbaycan və Ermənistanı yeni nəqliyyat və enerji şəbəkələrinə bağlamaq istəyidir. Bu baxımdan, ABŞ-nin bu siyasəti İlham Əliyevin Azərbaycan üçün illərdir irəli sürdüyü kommunikasiya siyasəti ilə məhz üst-üstə düşdü. Azərbaycan 2020-ci ildən sonra əldə etdiyi hərbi nəticələrini diplomatik-hüquqi nəticəyə çevirmək mərhələsində də uğurla davam edir, desək, yanılmarıq. Bu baxımdan, Vaşinqton razılaşması regionda yeni dövrün başlanması istiqamətində ehtimalları özündə əks etdirir və saxlamaqdadır. Bu, davamlı sülh, təhlükəsizlik və rifah yaratmasına imkan verir. Necə ki, hazırda iki ölkə arasında yükdaşımaların genişləndirilməsi, Azərbaycan üzərindən Ermənistana tranzitin həyata keçirilməsi, vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri, sərhəd delimitasiyası prosesinin davam etdirilməsi, nəqliyyat kommunikasiyalarının açılması istiqamətində işlər, ABŞ-nin TRIPP layihəsində aktiv şəkildə iştirak etməsi, baxmayaraq ki, bu istiqamətdə çətinliklər və maneələr mövcuddur, sülhün yalnız diplomatik sənəd səviyyəsində qalmadığını, müəyyən iqtisadi və nəqliyyat nəticələri verməyə başladığını göstərir. Bunu çox mühüm nəticə olaraq qeyd etmək lazımdır. Vaşinqton prosesindən sonra prezidentlərin mütəmadi yazışmaları, ABŞ-nin Azərbaycan və Ermənistan arasında davamlı sülhə dəstək verməsi yaxın gələcəkdə yekun sülh müqaviləsinin bağlanmasından xəbər verir”.

Fidan Hacızadə Demokrat.az

D
demokrat.az