Sosial Özəl

Yaddaşı effektiv yaxşılaşdırmaq üçün sadə gündəlik vərdiş açıqlandı

Yaddaşı effektiv yaxşılaşdırmaq üçün sadə gündəlik vərdiş açıqlandı

Yaşlı insanların 12 həftə ərzində hər gün 10 dəqiqə ucadan oxuduğu, əllə yazı yazdığı və sadə riyazi tapşırıqlar yerinə yetirdiyi proqram onların koqnitiv test nəticələrində nəzərəçarpacaq yaxşılaşmaya səbəb olub.

Demokrat.az xəbər verir ki, araşdırmanın nəticələri "Educational Gerontology" (EG) jurnalında dərc edilib.

İnsan yaşlandıqca yaddaş, diqqət və dil bacarıqları zəifləyə bilər. Bəzi hallarda bu vəziyyət adi qocalma ilə demensiya arasında olan yüngül koqnitiv pozuntuya çevrilir və Altsheymer xəstəliyi riskini artırır. Hazırda demensiyanın tam müalicəsi olmadığı üçün alimlər beynin qorunması üçün dərmansız üsullar araşdırırlar. Bu yanaşmalardan biri də koqnitiv ehtiyat nəzəriyyəsinə əsaslanır. Həmin nəzəriyyəyə görə, zehni fəaliyyət yaşla bağlı zədələnmələrə qarşı müəyyən qoruyucu mexanizm yaradır.

Corc Meyson Universitetinin tədqiqatçısı Emili İhara rəhbərlik etdiyi komanda yaddaş, diqqət və problemlərin həllinə cavabdeh olan beynin prefrontal qabığını stimullaşdırmaq üçün hazırlanmış "StrongerMemory" proqramını araşdırıb.

Tədqiqatda yaşı 59-dan yuxarı olan 102 nəfər iştirak edib. Onlar 25 müstəqil yaşayış icmasından və tibbi nəzarətli üç qocalar evindən seçiliblər. İştirakçıların hamısı yaddaş problemlərindən şikayət etsə də, heç birinə demensiya diaqnozu qoyulmayıb.

Proqram çərçivəsində iştirakçılar hər gün 30 dəqiqə ərzində ucadan oxuyub, sərbəst mövzuda əllə yazı yazıb və sadə riyazi misallar həll ediblər. Bundan əlavə, onlar həftədə bir dəfə qrup görüşlərində iştirak ediblər.

12 həftəlik proqramdan əvvəl və sonra iştirakçıların koqnitiv bacarıqları Mini-MoCA şkalası ilə qiymətləndirilib. Orta göstərici 15 mümkün baldan 12,73-dən 13,26-ya yüksəlib. Yaxşılaşmanın əsas hissəsi yaddaşla bağlı test bölməsində müşahidə olunub. İştirakçılar həmçinin öz yaddaşlarını daha yaxşı qiymətləndirməyə başlayıblar.

Araşdırma müəlliflərinin fikrincə, tək yaşayan və ya ailəsi ilə müstəqil həyat sürən insanlar tibbi nəzarətli qocalar evlərinin sakinləri ilə müqayisədə daha böyük irəliləyiş göstəriblər. Alimlər bunu müstəqil həyatın daha çox qərar qəbul etməyi və fiziki aktivliyi tələb etməsi ilə izah edirlər.

Jalə Demokrat.az

D
demokrat.az