Bəzən vətəndaşlar banka kredit almaq üçün müraciət etdikdə gözlənilməz halla qarşılaşırlar. Məlum olur ki, onların adında zaminlik öhdəliyi var. Maraqlısı isə odur ki, bəzi şəxslər heç vaxt kiməsə zamin durmadıqlarını iddia edir və belə bir öhdəlikdən xəbərlərinin olmadığını bildirirlər.
Şəxsin xəbəri və razılığı olmadan zaminlik rəsmiləşdirilə bilərmi?
Demokrat.az-a bu barədə açıqlama verən bank eksperti Emin Kərimov zaminlik öhdəliyinin borc alan şəxsin öhdəliyi ilə eyni hüquqi məsuliyyət yaratdığını deyib:
“Yəni bir şəxs kiməsə zamin durursa, faktiki olaraq həmin borcla bağlı öhdəlik daşıyır və bu, onun da borc öhdəliyi hesab olunur. Praktikada tez-tez rast gəlinən hallardan biri də odur ki, vətəndaş kredit götürmək üçün banka müraciət etdikdə adına zaminlik öhdəliyinin olduğu ortaya çıxır. Şəxs isə bəzən zamin durduğunu xatırlamır və ya hesab edir ki, həmin kredit artıq bağlandığı üçün zaminlik də qüvvədən düşüb. Bu vəziyyət xüsusilə kredit xətti müqavilələri ilə bağlı yaranır. Əgər şəxs vaxtilə hər hansı birinin kredit xətti müqaviləsinə zamin dayanıbsa, zaminlik konkret istifadə olunan məbləğə deyil, ümumi kredit xətti üzrə bağlanmış müqaviləyə şamil edilir.
Məsələn, bankla 100 min manatlıq və 5 il müddətinə kredit xətti müqaviləsi bağlanıbsa, borcalan əvvəlcə 10 min manat götürüb qaytara, daha sonra aylar və ya illər sonra həmin kredit xəttindən yenidən istifadə edə bilər. Müqavilə qüvvədə qaldığı müddətdə zamin də həmin kredit xətti üzrə öhdəlik daşımağa davam edir. Nəticədə zamin duran şəxs sonradan özü kredit almaq istədikdə, bank sistemində onun aktiv zaminlik öhdəliyi görünə bilər. Halbuki o, əvvəlki kreditin bağlandığını düşündüyü üçün artıq zamin olmadığını hesab edir. Bu baxımdan vətəndaşlar iki vacib məqama diqqət yetirməlidirlər. Birincisi, zaminlik öhdəliyi borcalanın öhdəliyi ilə eyni səviyyədə qiymətləndirilir və bu, zaminin də borc öhdəliyi hesab olunur. İkincisi isə kredit müqaviləsi ilə kredit xətti müqaviləsi arasındakı fərq mütləq nəzərə alınmalıdır. Adi kreditlər müəyyən müddətə verilir, ödəniş cədvəli üzrə bağlanır və öhdəlik başa çatdıqdan sonra zaminlik də sona çatır. Kredit xətti müqavilələri isə daha uzun müddətə, hətta 10 ilədək bağlana bilər və həmin müddət ərzində zaminlik öhdəliyi qüvvədə qalır. Bu da şəxsin gələcəkdə kredit müraciətləri zamanı kredit göstəricilərinə birbaşa təsir edir”.
Bank eksperti əlavə edib ki, əgər şəxs iddia edirsə onun xəbəri və razılığı olmadan, yaxud imzası saxtalaşdırılaraq zaminlik müqaviləsi rəsmiləşdirilib, bu halda o, həm Mərkəzi Banka, həm də müvafiq banka rəsmi qaydada yazılı müraciət edərək araşdırma aparılmasını tələb edə bilər:
“Araşdırma nəticəsində müəyyən olunarsa ki, həqiqətən də şəxsin imzası saxtalaşdırılıb və ya onun adından qanunsuz şəkildə müqavilə bağlanıb, bu, hüquqi məsuliyyət yaradan hal hesab olunur. Lakin araşdırma zamanı məlum olarsa ki, şəxs vaxtilə zaminlik müqaviləsini könüllü şəkildə imzalayıb, sadəcə sonradan bunu unudub və ya öhdəliyin mahiyyətini düzgün dərk etməyib, bu halda zaminlik öhdəliyi qüvvədə qalır. Ona görə də burada əsas fərq ondan ibarətdir ki, zaminlik könüllü şəkildə bağlanıb, yoxsa şəxs hər hansı saxtakarlığın qurbanı olub. Bu iki hal mütləq araşdırılmalı və vətəndaşlar da bu məsələyə xüsusi diqqət yetirməlidirlər.
Ümumiyyətlə, şəxsin razılığı və imzası olmadan onun zamin kimi rəsmiləşdirilməsi mümkün deyil. Zaminlik rəsmiləşdirilərkən şəxsin özü prosesdə iştirak etməli, onun gəlirləri, mövcud kredit öhdəlikləri və digər maliyyə göstəriciləri qiymətləndirilməlidir. Yalnız bundan sonra həmin şəxsin zamin kimi çıxış edib-etməməsi barədə qərar verilir. Praktikada şəxsin xəbəri olmadan zamin kimi rəsmiləşdirilməsi hallarına çox nadir rast gəlinir. Belə bir iddia irəli sürülərsə, bu, mütləq araşdırılmalı olan məsələdir”.


