Alkoqoldan istifadənin azaldılması və ya tamamilə dayandırılması beynin müəyyən dərəcədə bərpasına səbəb ola bilər. Alimlər bildirirlər ki, uzunmüddətli alkoqol qəbulu beyində ciddi dəyişikliklər yaratsa da, insan orqanizminin əsas xüsusiyyətlərindən biri olan neyroplastiklik sayəsində bəzi funksiyalar yenidən yaxşılaşa bilir.
Demokrat.az xəbər verir ki, “Washington Post” nəşrinin yazdığına görə, alkoqol dünyada ən geniş yayılan psixoaktiv maddələrdən biridir. ABŞ-da 2024-cü ildə keçirilən sorğuya əsasən, 12 yaşdan yuxarı insanların təxminən 80 faizi həyatında ən azı bir dəfə spirtli içki qəbul etdiyini bildirib.
Mütəxəssislərin sözlərinə görə, alkoqol beyində qısa müddətdə rahatlıq və eyforiya hissi yaratsa da, uzunmüddətli istifadədə mənfi təsirlər göstərə bilər. Araşdırmalar göstərir ki, davamlı alkoqol qəbulu boz maddənin həcminin azalmasına, yaddaş, diqqət və qərarvermə qabiliyyətinin zəifləməsinə səbəb ola bilər.
Alkoqol beyində mükafat sisteminə təsir edərək dopamin ifrazını artırır. Eyni zamanda stress və narahatlıq hisslərini qısa müddətə azaldır. Lakin təsiri keçdikdən sonra stress sistemləri daha güclü şəkildə aktivləşə bilər. Bu isə zamanla insanın eyni təsiri əldə etmək üçün daha çox alkoqola ehtiyac duymasına gətirib çıxarır.
Alimlər qeyd edirlər ki, ağır və uzunmüddətli alkoqol istifadəsi beynin ön hissələrində – emosiyaların idarə olunması, yaddaş və davranış nəzarətində mühüm rol oynayan sahələrdə – dəyişikliklər yarada bilər. Bəzi ağır hallarda bu, alkoqolla əlaqəli demensiya və yeni xatirələrin formalaşmasında çətinliklərlə nəticələnə bilər.
Lakin müsbət tərəf ondan ibarətdir ki, alkoqoldan uzaqlaşdıqda beyin bərpa prosesinə başlaya bilər. 2024-cü ildə aparılan 16 araşdırmanın icmalı göstərib ki, alkoqol istifadəsi pozuntusu olan və içkidən imtina edən insanlarda diqqət, yaddaş və digər idrak funksiyaları 6-12 ay ərzində yaxşılaşa bilər.
2022-ci ildə aparılan neyroloji görüntüləmə tədqiqatları da göstərib ki, alkoqoldan imtina edən şəxslərdə beynin ön hissələrində bərpa əlamətləri, o cümlədən boz maddənin həcminin artması müşahidə olunub. Ən böyük dəyişikliklərin isə ilk ay ərzində baş verdiyi müəyyən edilib.
Mütəxəssislər vurğulayırlar ki, hətta alkoqol qəbulunun azaldılması belə beyinə müsbət təsir göstərə bilər. Yəni tam imtina mümkün olmasa belə, istehlakın aşağı salınması beyin sağlamlığının qorunmasına kömək edə bilər.
Jalə Demokrat.az


