Siyasət Özəl

Razılaşma olsa belə, bu qarşıdurma bitməyəcək — Açıqlama

Razılaşma olsa belə, bu qarşıdurma bitməyəcək — Açıqlama

ABŞ və İran arasında aparılan danışıqların mümkün nəticələri beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasındakı danışıqların nəticəsinin yaxın 48 saat ərzində məlum ola biləcəyini bildirib.

Tərəflər arasında əldə oluna biləcək hər hansı razılaşma Yaxın Şərqdəki geosiyasi balans, regional təhlükəsizlik məsələləri və ölkələrin xarici siyasət prioritetləri baxımından mühüm nəticələr yarada bilər.

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, politoloq Zaur Məmmədov bildirib ki, siyasi prosesləri qiymətləndirərkən gündəlik bəyanatlardan daha çox, hadisələrin mahiyyətinə, uzunmüddətli tendensiyalara və tərəflərin strateji məqsədlərinə diqqət yetirmək lazımdır.

Razılaşma olsa belə, bu qarşıdurma bitməyəcək — Açıqlama

Onun sözlərinə görə, əsas məsələ ondan ibarətdir ki, ABŞ ilə İran, eləcə də İsrail ilə İran arasında uzun illərdir davam edən ciddi və köklü ziddiyyətlər mövcuddur:

“Bu ziddiyyətlər yalnız konkret hadisələrdən və ya hərbi-siyasi insidentlərdən qaynaqlanmır. Onların kökündə regionun gələcəyi ilə bağlı tamamilə fərqli baxışlar, geosiyasi maraqlar, ideoloji yanaşmalar və təhlükəsizlik konsepsiyaları dayanır. Məhz buna görə də bu münasibətlərdə yaranan gərginliyi təkcə hər hansı bir hadisə və ya bəyanat fonunda qiymətləndirmək düzgün olmaz. Təbii ki, zaman-zaman müxtəlif məsələlər üzrə kompromislər əldə edilə bilər. Məsələn, nüvə proqramı ilə bağlı danışıqlar müəyyən nəticə verə, iqtisadi sanksiyalar ətrafında razılaşmalar əldə oluna və ya bölgədə baş verən konkret hərbi gərginliklər müvəqqəti olaraq səngiyə bilər. Eyni zamanda, Süveyş kanalı ətrafında təhlükəsizlik məsələləri, eləcə də digər regional problemlərlə bağlı müəyyən anlaşmalar mümkündür. Lakin bunlar münaqişənin əsas səbəbini aradan qaldırmır".

Ekspertin fikrincə, əsas ziddiyyət tərəflərin Yaxın Şərqin gələcəyi ilə bağlı fərqli baxışlarından qaynaqlanır:

"İran regionda öz ideoloji və siyasi təsir dairəsini genişləndirməyə çalışır, müxtəlif müttəfiq qüvvələr vasitəsilə nüfuzunu qorumağa və artırmağa cəhd göstərir. İsrail isə öz milli təhlükəsizliyini təmin etməyi, bölgədə üstün mövqeyini qorumağı və gələcək strateji maraqlarını həyata keçirməyi prioritet hesab edir. Bu baxımdan tərəflərin geosiyasi maraqları bir çox hallarda bir-biri ilə kəskin şəkildə toqquşur.

Məhz buna görə də, nə qədər ki, İranda mövcud siyasi sistem dəyişməyib və xarici siyasət kursu indiki istiqamətdə davam edir, eyni zamanda İsrail də milli təhlükəsizlik və regional strategiyası çərçivəsində addımlarını davam etdirir, tərəflər arasındakı qarşıdurmanın tamamilə aradan qalxacağını gözləmək çətindir. Müxtəlif dövrlərdə atəşkəs, vasitəçilik təşəbbüsləri və ya hətta müəyyən razılaşmalar əldə olunsa belə, bu, münaqişənin birdəfəlik həll olunduğu anlamına gəlmir”, - deyə politoloq fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az