Astara rayonunda qohumlar arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun qəsəbələrindən birində baş verib. 2002-ci il təvəllüdlü Nahid qəsəbədə yerləşən küçədə qohumu Fərid (adlar şərtidir – red.) ilə mübahisə edib.
Mübahisə zamanı Nahid qohumunun sifət nahiyəsinə qəsdən yumruq zərbəsi vurub və ona xəsarət yetirib.
Faktla bağlı Nahidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Məhkəmədə ifadə verən Nahid ittiham üzrə özünü təqsirli bilib. O, əməlindən peşman olduğunu bildirib, zərərçəkmiş şəxslə barışdıqlarını və ona dəymiş ziyanı tam şəkildə ödədiyini deyib.
Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edib. O da təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini deyib. Təqsirləndirilən şəxsə qarşı şikayətinin və tələbinin olmadığını bildirib.
Astara Rayon Məhkəməsinin hökmü ilə Nahidin barəsində olan cinayət işi üzrə icraata xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.


