Azərbaycanda təhsil tələbə kreditləri ali təhsilə çıxış imkanlarının genişləndirilməsi məqsədilə tətbiq olunur. Bu mexanizmin maddi imkanları məhdud ailələrin övladları üçün nə dərəcədə effektiv olduğu və tələbələrin gələcək maliyyə yükünə necə təsir göstərdiyi isə müzakirə mövzusudur. Bəs tələbə kreditləri təhsilə əlçatanlığı artırıbmı?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında təhsil eksperti Afərim Seyidova bildirib ki, tələbə təhsil krediti iki növ olur: sosial və standart.

Onun sözlərinə görə, hər iki kredit növü tələbələrin ali təhsilə çıxış imkanlarını genişləndirmək məqsədi daşıyır.
“Düzdür, sosial tələbə təhsil krediti daha üstün şərtlərə malikdir. Burada faiz dərəcəsi daha aşağıdır və tələbələr üçün daha əlverişli imkanlar mövcuddur.
Xüsusilə maddi imkanları məhdud olan ailələrin övladları bu kredit vasitəsilə gələcək üçün yaxşı peşəyə sahib olmaq imkanı qazanırlar. Bu baxımdan tələbə təhsil krediti onlar üçün ciddi dəstək rolunu oynayır.
Elə tələbələr var ki, ali təhsil almaq istəsələr də, maddi səbəblərdən arzularını reallaşdıra bilmirlər. Tələbə təhsil krediti həmin şəxslər üçün bu arzunu gerçəkləşdirmək baxımından ən yaxşı imkanlardan biridir.
Düzdür, bu kredit nəticə etibarilə geri qaytarılmalı olan borcdur. Lakin mən bunu təkcə borc kimi deyil, həm də gələcəyə qoyulan investisiya kimi qiymətləndirirəm.
Ümumiyyətlə, istənilən abituriyentin aldığı təhsil onun gələcəyinə qoyduğu kapitaldır. Bu baxımdan tələbə təhsil krediti vasitəsilə alınan təhsil də bank kreditləri ilə müqayisədə daha sərfəli maliyyə dəstəyidir. Bu borc gəncin arzularını reallaşdırmasına və gələcəyinə investisiya qoymasına xidmət edir.
Təbii ki, Dövlət İmtahan Mərkəzində ixtisas seçimi edən və gələcəyin tələbəsi olmağa hazırlaşan gənclər, eləcə də onların valideynləri müəyyən narahatlıq keçirə bilərlər. Onlarda belə bir sual yarana bilər ki, gələcəkdə seçdikləri ixtisas üzrə iş tapa bilməsələr necə olacaq, yaxud başqa sahədə işləməli olsalar, aldıqları diplomun əmək bazarında onlara nə kimi üstünlük verəcəyi sual altında qalacaq. Bu baxımdan müəyyən narahatlıq və tərəddüdlər başadüşüləndir.
Düşünürəm ki, tələbə təhsil kreditinə müraciət edən tələbələrə və gələcəyin tələbələrinə Məşğulluq Mərkəzi, karyera mərkəzləri və digər aidiyyəti dövlət qurumları xüsusi diqqət göstərməlidir. Onlara əmək bazarında ixtisaslarına uyğun iş tapmaqda dəstək verilməsi vacibdir. Bu istiqamətdə əlavə mexanizmlərin yaradılması faydalı olardı”.
Ekspert əlavə edib ki, bununla belə, tələbə təhsil kreditinin müsbət tərəfləri mənfi cəhətlərindən qat-qat çoxdur:
“Çünki bu mexanizm tələbələrin arzularını reallaşdırmasına və maddi səbəblərdən yarımçıq qala biləcək ali təhsilin qarşısının alınmasına xidmət edir.
Mən tələbə təhsil kreditini maddi imkanları məhdud ailələrin övladları üçün təhsilə aparan mühüm körpü hesab edirəm.
Lakin tələbə ali təhsil aldığı müddətdə yalnız diplomla kifayətlənməməli, daim özünü inkişaf etdirməlidir. Bu gün dövlət universitetini bitirməyin avtomatik şəkildə işlə təmin olunmaq anlamına gəlmədiyini hamımız bilirik.
Müasir rəqəmsallaşma dövründə tələbələrin böyük hədəfləri olmalıdır. Bu hədəflərə çatmaq üçün onlar könüllülük proqramlarında iştirak etməli, sertifikatlar əldə etməli, beynəlxalq layihələrə qoşulmalı, xarici dilləri öyrənməli və əmək bazarında tələb olunan müasir bacarıqlara yiyələnməlidirlər. Məsələn, Çin dili bu gün aktual dillərdən biridir, gələcəkdə isə digər xarici dillərə də ehtiyac arta bilər. Bundan əlavə, dövrün tələblərinə uyğun proqram təminatlarını və rəqəmsal bacarıqları öyrənmək də vacibdir.
Yəni tələbə dövrün tələblərinə uyğun şəkildə özünü inkişaf etdirməlidir ki, gələcəkdə əmək bazarında rəqabətqabiliyyətli olsun və tələbə təhsil krediti üzrə öhdəliklərini rahat şəkildə yerinə yetirə bilsin. Bundan başqa, tələbə təhsil krediti sistemi əlavə üstünlük də yaradır. Belə ki, tələbə təhsil aldığı müddətdə yüksək akademik göstəricilər əldə edərsə və imtahanlardan A qiyməti alarsa, müəyyən hallarda kredit üzrə faiz ödənişlərindən azad oluna bilər.
Sonda qeyd etmək istəyirəm ki, cəmiyyət, valideynlər və abituriyentlər tələbə təhsil kreditinə borc kimi deyil, biliyə, bacarığa və real kompetensiyalara əsaslanan gənclərin yetişməsinə xidmət edən mühüm dəstək mexanizmi kimi yanaşmalıdırlar. Mən bu sistemi universitet məzunlarının gələcəkdə daha geniş karyera imkanları qazanmasına kömək edən effektiv vasitə kimi yüksək qiymətləndirirəm”, - deyə Afərim Seyidova fikrini tamamlayıb.


