Botoks estetik məqsədlə ən çox müraciət edilən prosedurlardan biri olsa da, onun tətbiqindən sonra bəzi arzuolunmaz hallar yarana bilər. Bəzən bu əlamətlər qısa müddətli və təhlükəsiz hesab edilsə də, bəzi simptomlar daha ciddi fəsadların göstəricisi ola bilər.
Botoksdan sonra yaranan dəyişikliklərin hansı hallarda normal qəbul edildiyi, hansı əlamətlərin isə təhlükə siqnalı olduğu pasiyentlər üçün vacib məqamlardan biridir. Xüsusilə prosedurdan sonra əzələ zəifliyi, üz nahiyəsində asimmetriya, görmə problemləri və ya ümumi halsızlıq kimi hallar diqqətdən kənarda qalmamalıdır.
Bəs botoks tətbiqindən sonra hansı əlamətlər təhlükəli hesab olunur və pasiyent hansı hallarda dərhal həkimə müraciət etməlidir? Botoksun yaratdığı mümkün sinir və ya əzələ zədələnmələri qalıcı ola bilərmi, yoxsa əksər hallarda müalicə ilə bərpa olunur?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən kosmetoloq Çinarə Kərimova bildirib ki, botoks vurulduqdan sonra bir gün ərzində və ya sonrakı günlərdə gözlərdə çəpgörmə, ikili görmə, bulanıq görmə, yaxud getdikcə artan ürəkbulanma kimi əlamətlər yaranarsa, dərhal həkimə müraciət edilməlidir.

“Xroniki astiqmatizmi, qlaukoması və ya kataraktası olan şəxslərdə belə əlamətlər yarandıqda mütləq həkim tərəfindən qiymətləndirilməlidir. Əksər hallarda bu əlamətlər müvəqqəti xarakter daşıyır və təxminən iki həftə ərzində aradan qalxır.
Botoksun ən çox rast gəlinən ağırlaşmalarından biri ptozdur, yəni üst göz qapağının aşağı enməsidir. Bu hal da adətən müvəqqəti olur. Lakin iki həftə ərzində keçməzsə, həkimə müraciət edilməli, fizioterapiya və digər müvafiq müalicə üsulları ilə bu vəziyyət aradan qaldırıla bilər.
Hiperhidroz zamanı, yəni qoltuqaltı, ovuc içi və ayaqaltı nahiyələrə botoks düzgün texnika ilə yeridilmədikdə, həmin nahiyələrdə müvəqqəti hərəkət məhdudiyyəti yarana bilər. Lakin bu da müvəqqəti xarakter daşıyır və düzgün müalicə ilə adətən 7–10 gün ərzində bərpa olunur”, - deyə kosmetoloq fikrini tamamlayıb.


