“Azərbaycanın Cinayət Məcəlləsinin əhatəli formatda tərtib olunduğuna söz yoxdur. Vətəndaşlarımızın fəaliyyətində elə bir qanuna zidd, inzibati qaydalara, vətəndaş həmrəyliyinə, ictimai təhlükəsizliyə və ictimai asayişə zidd, yaxud da kriminal xarakterli davranış və təzahür ola bilməz ki, o, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə tövsif oluna bilməsin”.
Bu sözləri siyasi şərhçi Aydın Quliyev Demokrat.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, bu nöqteyi-nəzərdən, hər kimin harada yaşamasından və nə ilə məşğul olmasından asılı olmayaraq, onun qanunlara, ölkənin maraqlarına və ya ictimai qaydalara zidd olan, inzibati xəta və ya kriminal xarakterli istənilən fəaliyyətini Cinayət Məcəlləsinin müvafiq maddələri ilə tövsif etmək və hüquqi qiymət vermək mümkündür:
“Xaricdə yaşayan bloqerlərlə bağlı Baş Prokurorluq bir neçə cinayət işi qaldırıb. Cinayət işləri artıq açılıb. Cinayət işləri qaldırılıbsa, yerdə qalan məsələ onların məhkəmə praktikasında sübuta yetirilməsidir. Hikmət Hacıyevin də bloqerlərə müraciətinin mahiyyəti onların Azərbaycana gələrək məhkəmə qarşısında bu ittihamların doğru olub-olmadığını araşdırmaq və öz mövqelərini ortaya qoymalarından ibarətdir. Təbii ki, müvafiq dövlət orqanlarının da vəzifəsi həmin ittihamların nə dərəcədə əsaslı olduğunu məhkəmədə sübut etməkdir. Buna görə də hazırda Baş Prokurorluğun qaldırdığı cinayət işlərindən sonrakı mərhələ, haqqında söhbət gedən şəxslərin Azərbaycana gələrək məhkəmə qarşısında öz günahsızlıqlarını sübut etməsindən ibarətdir. Ölkənin milli təhlükəsizliyi və dövlət təhlükəsizliyi bir-biri ilə sıx surətdə bağlıdır. Elə bir hadisə ola bilməz ki, o, milli təhlükəsizliyə zidd olsun, dövlət təhlükəsizliyinə zidd olmasın və ya əksinə”.
Aydın Quliyev qeyd edib ki, Dövlət və milli təhlükəsizlik bir-birini tamamlayan və ayrılmaz anlayışlar olduğuna görə, istənilən zidd hərəkət həm dövlət, həm də milli təhlükəsizliyi müəyyən formalarda təhdid edir:
“Milli təhlükəsizlik və dövlət təhlükəsizliyi üçün təhdidin ayrı-ayrı şəxslərdən gəlməsi tamamilə mümkündür. Yəni milli və dövlət təhlükəsizliyi üçün təhdidlərin hansısa dövlətdən, təşkilatdan, qrupdan və ya mərkəzdən gəlməsindən əvvəl onların ayrı-ayrı şəxslərdən, fərdlərdən qaynaqlanması da mümkündür. Bu nöqteyi-nəzərdən, bəli, hər bir şəxsin fəaliyyətində dövlət və milli təhlükəsizliyə zidd olan, onu pozmağa yönəlmiş tərkiblər varsa, bunların məhkəmə yolu ilə sübut olunması dövlətin ən mühüm vəzifələrindən biridir. Əgər kimin fəaliyyətində dövlət və milli təhlükəsizliyin əleyhinə yönəlmiş tərkiblər varsa, heç kim məhkəmənin qanuni hökmü ilə təyin olunmuş cəzadan yaxasını qurtara bilməz və bilməməlidir”.
Xatırladaq ki, Prezidentin köməkçisi Hikmət Hacıyev Almaniyada bloqer Tural Sadıqlıya Vətənə xəyanətin ağır yük olduğunu bildirib. O, bu cür fəaliyyət göstərən şəxslərin acınacaqlı vəziyyətdə olduğunu vurğulayıb.


