Siyasət Özəl

Deputat: Xəyanətkarları ağır aqibət gözləyir

Deputat: Xəyanətkarları ağır aqibət gözləyir

"Bu gün biz torpaqlarımızı işğaldan azad etmişik, işğala son qoymuşuq. Ancaq xəyanət davam edir"

Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu Demokrat.az-a açıqlamasında deyib.

O Azərbaycan ictimai münasibətlər sistemində xəyanətin bağışlanmayan keyfiyyət olduğunu bildirib:

“Bunun da ciddi əsasları var. Çünki biz mürəkkəb bir regionda yaşayırıq, daima müharibələr, savaşlar içərisində olmuşuq və dövlətimizin, milli gücümüzün zəifləməsi də xəyanət nəticəsində həmişə baş verib. Elə 90-cı illərin əvvəllərində də torpaqlarımız məhz xəyanət nəticəsində işğalçılara təslim edildi. Bu gün biz torpaqlarımızı işğaldan azad etmişik, işğala son qoymuşuq. Ancaq xəyanət davam edir. İnformasiya təhlükəsizliyimizə qarşı xəyanət davam edir. Özümüzü özümüzə qarşı qoyaraq bizə xəyanət edirlər. Tural Sadıqlı da bu nümunələrdən biridir. Mənə elə gəlir ki, Hikmət Hacıyevin sözləri doğrudan da Tural Sadıqlıya verilmiş və ona yaraşan bir sual idi. Ancaq məsələ ondadır ki, bu məsələ sadəcə Tural Sadıqlı məsələsi deyil. Biz görürük ki, burada Emin Hüseynli və digərləri vaxtaşırı müxtəlif ölkələrin anti-Azərbaycan şəbəkələrinin toruna düşür və Azərbaycana qarşı xəyanəti davam etdirirlər”.

Hikmət Babaoğlu Azərbaycan torpaqlarını real müstəvidə 90-cı illərin əvvəllərində sataraq və ya Vətənə xəyanət edənlərlə bu gün Tural Sadıqlıların, Emin Hüseynovların heç bir fərqinin olmadığını vurğulayıb:

“Nəticə etibarilə, xəyanət xəyanətdir. Ona görə də bu cür xəyanətkarlar cəzalandırılmalıdırlar. Təkcə ona görə yox ki, onlar Vətənə xəyanət ediblər. Çünki onların xəyanəti “xəyanət” sözündən də böyükdür. Ona görə ki, bu xəyanət başqa xəyanətkarları da Vətənə xəyanət etməyə sövq edir. Əgər onlar cəzasız qalacaqlarsa, bu, xəyanətkarlığı motivasiya edəcək. Ona görə də Azərbaycan qanunlarında bu cür əməlləri cəzalandıran xüsusi maddələr var. Vətənə xəyanət mütləq cəzalandırılmalıdır. Mən düşünürəm ki, vaxtı çatanda kim xəyanət edibsə, mütləq öz cəzasını alacaq. Bu gün biz Vətənimizə xəyanət edənlərin böyük bir qismini cəzalandırmışıq. Baxmayaraq ki, onlar etnik separatçılıqla məşğul idilər, terrorla məşğul idilər, fiziki müstəvidə Araiklər, Bako Sahakyanlar, Vardanyanlar və digərləri. Onlar bu gün Azərbaycan qanunları tərəfindən cəzalandırılıblar. Emin Hüseynli, Tural Sadıqlı və digərləri isə ideoloji müstəvidə separatçıdırlar, ideoloji terrorçudurlar. Yəni nəticə etibarilə eyni funksiyanı başqa formalarda həyata keçirirlər. Ona görə onlar da mütləq cəzalandırılmalıdırlar”.

Fidan Hacızadə

D
demokrat.az