Ötən gün sosial şəbəkələrdə yayılan görüntülərdə vətəndaşın aldığı düyünün plastik materiala bənzədiyi iddia edilir. Belə hallarda qida məhsulunun tərkibində süni maddələrin olub-olmadığını müəyyən etmək üçün hansı elmi-laborator analizlər aparılır və Azərbaycanda bu cür məhsullar üzərində nəzarət mexanizmləri nə dərəcədə effektivdir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən qida eksperti Ağa Salamov bildirib ki, narahatedici məqam ondan ibarətdir ki, insanları maarifləndirən ekspertlərin hazırladığı videolar sosial şəbəkələrdə geniş baxış toplamır. Əvəzində heç bir elmi əsası olmayan, yalan məlumatlarla zəngin paylaşımlar daha çox maraq doğurur.
Onun sözlərinə görə, insanlar sensasion və əsassız məlumatlara daha çox maraq göstərirlər:
“Təəssüfləndirici haldır ki, bu cür videoların sayı da kifayət qədər çoxdur. Müşahidəmə görə, istehlakçıların böyük əksəriyyəti mütəxəssislərin elmi əsaslandırılmış fikirlərinə deyil, yalan məlumat yayan şəxslərin dediklərinə daha çox inanır. Bu, narahatedici məqamdır. XXI əsrdə yaşamağımıza baxmayaraq, insanlar hələ də hansı mənbədən düzgün məlumat almalı olduqlarını tam ayırd edə bilmirlər. Sosial şəbəkələrdə kimsə neqativ məzmun paylaşan kimi çoxsaylı şərhlər yazılır. Ən ciddi problemlərdən biri odur ki, həmin rəylərin əksəriyyəti elmi əsaslara deyil, fərziyyələrə söykənir.
Məsələn, kimsə əlində hər hansı düyü növünü göstərərək onun plastik olduğunu iddia edə bilməz. Bunun heç bir elmi sübutu yoxdur. İndi XXI əsrdir və akkreditə olunmuş laboratoriyalar fəaliyyət göstərir. Əgər hər hansı məhsulla bağlı şübhə yaranırsa, Qida Təhlükəsizliyi Agentliyinin qaynar xəttinə müraciət edilməlidir. Mütəxəssislər məhsuldan nümunə götürür, laboratoriyada analiz aparır və nəticəni açıqlayırlar. Əgər həqiqətən problem aşkarlanarsa, həmin məhsul satışdan geri çağırılır və qanunvericiliyə uyğun tədbirlər görülür. Bundan əlavə, buna ehtiyac yaranmaya da bilər. Çünki ölkəyə idxal olunan məhsullar gömrük-keçid məntəqələrində AQTA-nın nəzarətindən keçir. Məhsullardan nümunələr götürülür, laborator analizlər aparılır və yalnız təhlükəsiz olduğu təsdiqləndikdən sonra onların ölkəyə gətirilməsinə icazə verilir.
Əlbəttə, istənilən dövlət qurumunun fəaliyyətində müəyyən çatışmazlıqlar ola bilər. Lakin hazırda görünür ki, AQTA idxal olunan məhsullar üzərində ciddi nəzarət həyata keçirir. Sosial şəbəkədə yayılan videolardan birində düyünün baş hissəsinin kəsik olmasının onun plastik olması kimi təqdim edilməsi də yanlışdır. Düyünün müxtəlif sortları var. Bəzilərinin ucu iti, bəzilərinin isə baş hissəsi küt olur. Emal zamanı qırılmış və doğranmış düyülər də olur ki, onlar sıyıq və digər yeməklərin hazırlanmasında istifadə edilir. Buna görə də düyünün formasına baxaraq onun plastik olduğunu iddia etmək doğru deyil.
Hazırda sosial şəbəkələrdə hər kəs müxtəlif məhsullar haqqında əsassız iddialar səsləndirir. Halbuki ekspert olmayan şəxslər bu cür qəti nəticələr çıxarmamalıdırlar. Şübhə varsa, AQTA-nın qaynar xəttinə müraciət etmək, məhsulu laboratoriyada yoxlatdırmaq və ya mütəxəssis rəyi almaq lazımdır.
Müşahidələr göstərir ki, istehlakçıların əhəmiyyətli hissəsi daha çox şikayət etməyə və neqativ məzmun paylaşmağa üstünlük verir. Keyfiyyətli məhsulla qarşılaşdıqları halları paylaşanların sayı isə daha az olur.
Şərhlərdə “Düyünü yandırın, tüstü çıxırsa plastikdir” və ya “Suda üzürsə plastikdir” kimi fikirlər yazılır. Bunların heç biri elmi əsas daşımır. Elə düyü növləri var ki, xüsusiyyətlərinə görə suyun üzərinə qalxa bilər. Bu, onun plastik olması demək deyil. Eyni zamanda yandırma testi də məhsulun plastik olub-olmadığını müəyyən edən elmi üsul deyil.
İstehlakçı ev şəraitində məhsulu orqanoleptik baxımdan qiymətləndirə bilər. Lakin bu, ona məhsulun plastik olduğunu iddia etmək hüququ vermir. Mövcud rəsmi məlumatlara əsasən, Azərbaycana plastik düyünün idxalı ilə bağlı təsdiqlənmiş fakt yoxdur. Bu cür iddiaların heç bir elmi əsası yoxdur.
Təəssüfləndirici məqamlardan biri də odur ki, bəzi şəxslər yalnız baxış sayı, bəyənmə və sosial şəbəkələrdə daha çox izlənmə qazanmaq üçün belə videolar paylaşırlar. Neqativ məzmunun daha çox izlənildiyini bildikləri üçün bunu məqsədli şəkildə edirlər”, – deyə Ağa Salamov fikrini yekunlaşdırıb.


