Sosial Özəl

Gələcəyin din xadimləri belə seçiləcək — Açıqlama

Gələcəyin din xadimləri belə seçiləcək — Açıqlama

Müasir dövrdə din xadimlərindən yalnız dini biliklərə sahib olmaq deyil, eyni zamanda müxtəlif dünyagörüşlərinə hörmətlə yanaşmaq, cəmiyyətdə dini və sosial müxtəlifliyi düzgün qiymətləndirmək də tələb olunur. Bu baxımdan, İslamşünaslıq ixtisasına qəbul zamanı abituriyentlərin dünyəvilik, tolerantlıq və multikulturalizm anlayışlarının qiymətləndirilməsi gələcək ilahiyyatçıların formalaşmasında mühüm mərhələ hesab edilir.

Bu meyarlar gələcək din xadimlərinin və ilahiyyatçıların hazırlanmasında hansı rolu oynayır və mövcud müsahibə sistemi bu keyfiyyətləri obyektiv qiymətləndirə bilirmi?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, abituriyentlər üçüncü ixtisas qrupu üzrə həm İslamşünaslıq, həm də Dinşünaslıq ixtisaslarını seçə bilərlər.

Gələcəyin din xadimləri belə seçiləcək — Açıqlama

Onun sözlərinə görə, İslamşünaslıq ixtisasına qəbul zamanı abituriyentlər Qabiliyyət Komissiyası tərəfindən psixoloji və dini baxımdan qiymətləndirilirlər:

“Yalnız müsbət rəy aldıqları təqdirdə həmin ixtisas üzrə müsabiqədə iştirak etmək hüququ qazanırlar. Burada əsas məqsəd gələcəkdə bu sahədə fəaliyyət göstərəcək kadrların təkcə öz dinləri ilə bağlı biliklərinin deyil, digər dinlərə münasibətlərinin də qiymətləndirilməsidir. Həmçinin onların müxtəlif situasiyalara nə dərəcədə tolerant və obyektiv yanaşdıqları da yoxlanılır. Bu yanaşma gələcək din xadimlərinin və ilahiyyatçıların hazırlanmasında mühüm rol oynayır.

Müxtəlif ölkələrdə radikal yanaşmalar müşahidə olunur. Konkret ölkələrin adını çəkmək istəmirəm. Azərbaycanda isə məqsəd radikal düşüncəyə meyilli deyil, humanist, tolerant və dünyəvi düşüncəyə malik kadrların hazırlanmasıdır.

Nəzərə almaq lazımdır ki, həmin şəxslər gələcəkdə müxtəlif dövlət qurumlarında fəaliyyət göstərə, həmçinin ali təhsil müəssisələrində çalışa bilərlər. Buna görə də onların hazırlanması prosesində bu meyarların nəzərə alınması olduqca vacibdir.

Bu baxımdan, belə bir qiymətləndirmə mexanizmi gələcək kadrların peşəkar və sağlam dünyagörüşünə malik şəkildə formalaşmasına müsbət töhfə verə bilər”, – deyə Elçin Əfəndi fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az