"Apple"ın 2027-ci ildə təqdim etməsi gözlənilən yubiley smartfonu – şərti olaraq "iPhone 20 Pro Max" adlandırılan model barədə yeni iddialar ortaya çıxıb.
Demokrat.az xəbər verir ki, texnologiya sahəsində yayılan məlumatlara görə, cihaz "iPhone X"dən sonra "Apple"ın ən böyük dizayn yeniliyinə sahib modeli ola bilər.
Bildirilir ki, smartfonun ön və arxa hissəsi demək olar ki, tamamilə şüşədən hazırlanacaq, kənarları isə dörd tərəfdən yüngül əyilmiş dizayna malik olacaq. Məqsəd çərçivəsiz və vahid şüşə blok təsiri yaratmaqdır.
Məlumatlara görə, "Apple" ekranın vizual olaraq çərçivəsiz görünməsi üçün yeni optik texnologiyalardan da istifadə edə bilər.
Ekranın ölçüsünün korpusun ölçülərini ciddi artırmadan təxminən 7 düymə çatacağı iddia olunur.
Bundan başqa, şirkətin "Face ID" sensorunu və ön kameranı ekranın altına yerləşdirməyə çalışdığı bildirilir. Lakin bəzi analitiklər bu texnologiyanın 2027-ci ilə qədər tam hazır olmaya biləcəyini düşünürlər.
Sızan məlumatlarda həmçinin fiziki düymələrin ləğv edilərək toxunuşa həssas, haptik geri bildirimli düymələrlə əvəz olunacağı da qeyd edilir.
Qeyd edək ki, bu məlumatlar "Apple" tərəfindən rəsmi təsdiqlənməyib və hazırda yalnız müxtəlif mənbələrə əsaslanan iddialardır.
Jalə Demokrat.az


