Şou-biznes Özəl

Kadir İnanırın vəsiyyətnamələri bu tarixdə açılacaq

Kadir İnanırın vəsiyyətnamələri bu tarixdə açılacaq

Türk kinosunun görkəmli simalarından olan Kadir İnanırın vəfatından sonra onun mirası ilə bağlı yeni təfərrüatlar məlum olub. Bildirilir ki, sənətkar 2015-ci ildə bir, 2022-ci ildə isə notariusun iştirakı ilə iki ayrı vəsiyyətnamə tərtib edib. Məzmunu hələlik açıqlanmayan bu sənədlərin sentyabr ayında açılması gözlənilir. Həmin vaxt Kadir İnanırın əmlakını kimlərə vəsiyyət etdiyi də rəsmən məlum olacaq.

Demokrat.az xıəbər verir ki, türk kinosunun unudulmaz aktyorlarından olan Kadir İnanır sətəlcəm səbəbindən müalicə aldığı xəstəxanada iyunun 27-də, 77 yaşında vəfat edib. Onun ölümündən sonra ictimaiyyətin diqqəti bu dəfə aktyorun mirası və vəsiyyətnamələrinə yönəlib.

Əldə olunan məlumata görə, Kadir İnanır ilk vəsiyyətnaməsini 2015-ci ildə hazırlayıb. Daha sonra 2022-ci ildə notariusun iştirakı ilə daha iki ayrı vəsiyyətnamə tərtib edib. Hüquqi prosedurlar başa çatdıqdan sonra bu sənədlərin sentyabr ayında açılması planlaşdırılır.

Mirası maraq doğurur

Kadir İnanırın vəfatından sonra ən çox müzakirə olunan məsələlərdən biri də onun geridə qoyduğu mirasdır. Bildirilir ki, aktyorun bank hesablarında əhəmiyyətli məbləğdə vəsaiti, həmçinin çoxsaylı daşınmaz əmlakı var. Mirasın necə bölüşdürüləcəyi vəsiyyətnamələrin açıqlanmasından sonra dəqiqləşəcək.

Əslən Türkiyənin Ordu vilayətinin Fatsa rayonundan olan Kadir İnanır səkkiz uşaqlı ailədə böyüyüb. Onun bacı-qardaşlarından yalnız böyük qardaşı Rəşit İnanırın sağ olduğu, həmçinin çoxsaylı qardaşı və bacısı övladlarının yaşadığı bildirilir. Vəsiyyətnamələrdə ailə üzvlərinə, digər şəxslərə və ya qurumlara hansı payın ayrıldığı isə hələlik məlum deyil.

Jülidə Kural açıqlama verməyib

Kadir İnanır 24 il birlikdə yaşadığı Jülidə Kural ilə rəsmi nikah bağlamamışdı. Bu səbəbdən vəsiyyətnamələrin açıqlanması mirasın hüquqi baxımdan bölüşdürülməsi üçün də xüsusi əhəmiyyət daşıyır.

Aktyorun vəfatından sonra dərin kədər yaşayan Jülidə Kural indiyədək ictimaiyyət qarşısında heç bir açıqlama verməyib. Yaxın çevrəsinin bildirdiyinə görə, Kural uzun illər birlikdə olduğu Kadir İnanırın yoxluğunu qəbul etməkdə çətinlik çəkir və yas dövrünü sakit şəkildə keçirir.

Üç ayrı vəsiyyətnamənin hansı səbəbdən hazırlandığı və onlarda hansı iradələrin əks olunduğu hələ məlum deyil. Mirasçılar və yaxınları hüquqi proses başa çatdıqdan sonra sentyabr ayında açıqlanacaq vəsiyyətnamələri gözləyirlər. Sənədlərin açılmasından sonra həm mirasın bölüşdürülməsi, həm də Kadir İnanırın son iradəsi rəsmən məlum olacaq.

Kolleksiyaları da mirasa daxildir

Kadir İnanırın mirasına yalnız daşınmaz əmlak və bank hesabları deyil, illər ərzində topladığı şəxsi kolleksiyalar da daxildir.

Aktyorun təxminən 25 ədəd "Rolex" saatı, əsasən "S.T. Dupont", "Cartier", "Dunhill" və "Zippo" markalarına məxsus qızıl örtüklü alışqanlardan ibarət kolleksiyası, eləcə də xüsusi naxışlı üzükləri diqqət çəkir.

Qurbağalara olan marağı ilə tanınan Kadir İnanırın dünyanın müxtəlif ölkələrindən topladığı təxminən 3 min qurbağa fiquru da onun zəngin şəxsi kolleksiyasının mühüm hissəsi hesab olunur.

Jalə

D
demokrat.az