Sosial şəbəkələrdə izləyici toplamaq və daha çox baxış qazanmaq məqsədilə çəkilən zarafat videolarının sayı son illər xeyli artıb. Belə bir hadisə yaxın günlərdə paytaxtın Səbail rayonu ərazisində baş verib. Belə ki, ictimai qaydanı pozaraq vətəndaşların istirahətinə mane olan, onları narahat edən həvəskar çəkilişlər təşkil etməklə sosial media platformalarında paylaşan şəxslər polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.
Bu cür “prank” videoları qanunvericilikdə necə tənzimlənir?
Demokrat.az-a bu barədə açıqlama verən hüquqşünas Elnur Məmmədov bildirib ki,son dövrlər sosial şəbəkələrdə daha çox izləyici və baxış toplamaq məqsədilə ictimai yerlərdə insanların razılığı olmadan müxtəlif zarafat ("prank") videolarının çəkilməsi halları artmaqdadır:
“Bu cür hərəkətlər əyləncə xarakteri daşısa da, onların hüquqi qiymətləndirilməsi videonun məzmunundan, çəkilmə üsulundan və törədilən nəticələrdən asılıdır. Azərbaycan qanunvericiliyinə görə, şəxsin ictimai qaydanı pozan, ətrafdakı insanların dincliyini pozan, onları narahat edən və ya cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətləri inzibati və ya cinayət məsuliyyəti yarada bilər. Əgər "prank" çəkilişi zamanı ictimai qayda pozulur, vətəndaşların normal istirahətinə və ya hərəkətinə maneə yaradılır, polis əməkdaşlarının qanuni tələblərinə əməl olunmur və ya digər şəxslərin hüquqları pozulursa, həmin hərəkətlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri ilə inzibati məsuliyyətə səbəb ola bilər. Hərəkətin xarakterindən asılı olaraq cərimə, inzibati həbs və ya digər inzibati tənbeh tədbirləri tətbiq edilə bilər”.
Hüquqşünas əlavə edib ki, eyni zamanda, zarafat adı altında şəxsin şərəf və ləyaqətinin alçaldılması, təhqir edilməsi, şəxsi həyatına müdaxilə olunması, razılığı olmadan görüntüsünün yayılması və ya əmlakına zərər vurulması ayrıca hüquqi məsuliyyət yarada bilər:
“Belə hallarda zərərçəkmiş şəxs həm hüquq-mühafizə orqanlarına müraciət edə, həm də vurulmuş mənəvi və maddi zərərin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldıra bilər. Əgər "prank" nəticəsində ictimai təhlükəsizlik üçün real təhlükə yaranır, insanlarda təşviş yaradılır, fövqəladə hadisə görüntüsü formalaşdırılır və ya digər ağır nəticələr baş verirsə, artıq məsuliyyət təkcə inzibati deyil, konkret haldan asılı olaraq cinayət-hüquqi müstəvidə də qiymətləndirilə bilər.
Bu baxımdan sosial şəbəkələr üçün kontent hazırlanarkən "zarafat" anlayışı qanunvericiliyin tələblərini aradan qaldırmır. İzləyici toplamaq məqsədi heç bir halda digər şəxslərin hüquq və azadlıqlarının, ictimai qaydanın və ictimai təhlükəsizliyin pozulmasına haqq qazandırmır”.


