Yay aylarında artan temperatur orqanizm üçün bir sıra risklər yaradır. 40 dərəcəyə çatan isti havalarda yalnız günvurma deyil, eyni zamanda hiss edilmədən yaranan maye itkisi də sağlamlıq problemlərinə səbəb ola bilər. Mütəxəssislər bu dövrdə düzgün qidalanmağa, kifayət qədər su qəbul etməyə və ağır yeməklərdən uzaq durmağa çağırır.
Dietoloqlar bildirirlər ki, isti havalarda susuzluq hissini gözləmədən mütəmadi su içmək vacibdir. Çünki tərləmə nəticəsində itirilən maye bədəndə halsızlıq, baş ağrısı və yorğunluq yarada bilər.
Mütəxəssislərin sözlərinə görə, yay mövsümündə yağlı, ağır və qızardılmış yeməklər əvəzinə daha yüngül və balanslı qidalara üstünlük verilməlidir. Açıqda satılan və düzgün saxlanılmayan məhsullar isə qida zəhərlənməsi riskini artırır. Xüsusilə küçədə doğranaraq satılan meyvələr, mayonezli salatlar, kremli şirniyyatlar və uzun müddət isti havada qalan ət məhsulları təhlükə yarada bilər.
Yayda tez-tez istifadə olunan dondurma, soyuq qəhvə və şəkərli içkilərlə bağlı da diqqətli olmaq tövsiyə edilir. Bu məhsullar yüksək kalorili ola bilər və həddindən artıq qəbul edildikdə çəki artımına səbəb ola bilər. Uşaqlar üçün isə ən sağlam içki seçiminin su olduğu vurğulanır.
Mütəxəssislər qarpız və pendir birləşməsinin həm dadlı, həm də balanslı qida seçimi olduğunu qeyd edirlər. Qarpız orqanizmi su ilə təmin edir, pendir isə zülal və minerallarla zəngindir. Meyvənin zülalla birlikdə qəbul edilməsi qan şəkərinin daha sabit yüksəlməsinə və toxluq hissinin daha uzun davam etməsinə kömək edir.
İsti havalarda iştahanın azalmasının normal olduğu bildirilsə də, qidalanmanı tamamilə dayandırmaq məsləhət görülmür. Şərbətli şirniyyatlar əvəzinə porsiyası nəzarətdə olan südlü desertlərə, yağlı ətlər əvəzinə isə daha az yağlı məhsullara üstünlük verilməsi tövsiyə olunur.
Mütəxəssislər həmçinin xatırladırlar ki, tərləmək yağ yandırmaq deyil, sadəcə bədənin maye itirməsidir. Tərəzidə müşahidə olunan ani çəki azalması çox vaxt su itkisi ilə bağlı olur. Buna görə itirilən maye və minerallar vaxtında bərpa edilməlidir.
Yay aylarında fiziki aktivliyin də düzgün vaxtda həyata keçirilməsi vacibdir. Gəzinti və idman üçün səhər erkən saatlar və ya axşam sərin vaxtlar daha uyğun hesab olunur. Sağlam qidalanmaq üçün isə sevilən yeməklərdən tam imtina etmədən porsiya nəzarətinə diqqət etmək kifayətdir.
Leyla Demokrat.az


