Yataq dəsti seçərkən təkcə rahatlıq deyil, onun rəngi və naxışı da mühüm rol oynayır. İnteryer dizaynerlərinin sözlərinə görə, bəzi rəng çalarları və naxışlar tədricən aktuallığını itirir və 2026-cı ildə onlardan istifadə etmək tövsiyə edilmir.
Demokrat.az xəbər verir ki, bu barədə “The Spruce” nəşri yazır.
Boz və ağ
“Meghan Jay Design” studiyasının təsisçisi Meqan Cey bildirib ki, boz və ağ çalarlar artıq həddindən artıq steril təsir bağışlayır və yeni ildə populyarlığını itirəcək. Onun sözlərinə görə, bu rənglər yataq otağında soyuq və cansıxıcı atmosfer yarada bilər.
Dizayner 2026-cı ildə daha cəsarətli rəng seçimlərinə üstünlük verməyi tövsiyə edir. O hesab edir ki, terrakota və yanmış narıncı kimi isti və parlaq tonlar daha çox istifadə olunacaq.
Tam monoxrom yataq dəstləri
Mütəxəssislər yastıqüzü, yorğanüzü və mələfənin eyni rəngdə olduğu tam monoxrom dəstlərdən də uzaq durmağı məsləhət görürlər. Onların fikrincə, yataq dəstində müxtəlif rənglərin uyğunlaşdırılması interyerə daha canlı və fərdi görünüş verir.
“İnsanlar getdikcə daha çox müxtəlif naxış və rəngləri birləşdirərək rahat və eklektik üslub yaratmağa çalışırlar”, deyə Meqan Cey bildirib.
“Maredi Design” studiyasının həmtəsisçisi Diyana Saviç-Cambert də hesab edir ki, müxtəlif rənglərin bir araya gətirilməsi gələn il daha da populyar olacaq.
Onun sözlərinə görə, hazır dəstlərdən istifadə tədricən keçmişdə qalacaq və daha düşünülmüş nəticə əldə etmək üçün hər bir element ayrıca seçiləcək.
Torpaq tonları
“Jill Litner Kaplan Interiors” şirkətinin təsisçisi Cill Litner Kaplan hesab edir ki, küknar yaşılı, kərpic rəngi, xurma çaları və tünd göy kimi dərin torpaq tonları otağa istilik qatsa da, yataq dəsti üçün ən yaxşı seçim deyil.
Onun fikrincə, bu rənglər həddindən artıq ağır və tutqun görünür, otaqda daim payız ab-havası yaradır.
Dizayner yataq dəstində daha neytral və zamansız rənglərə üstünlük verməyi tövsiyə edir.
“Tünd və diqqətçəkən rəngləri yataq dəstində deyil, divarların boyasında və ya divar kağızında istifadə etmək daha məqsədəuyğundur. Bu halda otaq daha balanslı görünəcək”, deyə o vurğulayıb.
İri və sıx naxışlar
Ekspertlər yataq dəstində həddindən artıq iri və sıx naxışlardan da çəkinməyi tövsiyə edirlər. Onların fikrincə, belə naxışlar məkanı vizual olaraq yükləyir. Bunun əvəzinə klassik və daha sadə naxışlara malik vurğu elementlərinin ön plana çıxacağı bildirilir.
Həddindən artıq rəsmi naxışlar
Vintaj üslubunu sevənlər klassik çiçək və dama naxışlarından istifadə edə bilərlər. Lakin dizaynerlər bildirirlər ki, bu naxışlar müasir formada təqdim olunmalıdır.
“Bu naxışlar artıq müasir üslubda yenidən işlənir. Onlar daha yüngül və rahat görünür, yataq dəstinə təzə və müasir görünüş qazandırır”, deyə Meqan Cey qeyd edib.


