“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri olduqca uğurlu olub”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirli bildirib.
Elman Nəsirlinin sözlərinə görə, səfər çərçivəsində imzalanmış iki mühüm sənəd, yəni “Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üzrə Strateji Gündəliyə dair Birgə Bəyannamə” və “Azərbaycanla Almaniya arasında Biznes Şurasının yaradılması və fəaliyyəti ilə bağlı Birgə Bəyannamə” ikitərəfli münasibətlərimizin hüquqi-normativ bazasını daha da möhkəmləndirib:
“Bu sənədlərin imzalanması nəticəsində iki dövlət arasında iqtisadi, ticarət əlaqələri və biznes əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə daxil olacaq. Hər iki dövlət liderinin görüşündə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Almaniya Prezidenti ilə təmasında, eyni zamanda Almaniya kansleri Fridrix Merts ilə görüşündə əsas diqqət mərkəzində enerji təhlükəsizliyi, nəqliyyat-logistika sahəsində əməkdaşlıq, siyasi dialoqun daha da inkişaf etdirilməsi, sənaye sahəsində əlaqələr və digər mühüm məsələlər olub. Enerji təhlükəsizliyi isə prioritet istiqamətdir və bu, həm ənənəvi enerji, həm də yaşıl enerji sahələrini əhatə edir. Hazırda iki dövlət arasında ticarət dövriyyəsinin həcmi 1,5 milyard avroya çatıb. Azərbaycanın ticarət tərəfdaşları arasında Almaniya 7-ci, idxal baxımından isə 5-ci yerdədir. Bu ildən başlayaraq Almaniya Azərbaycan qazını idxal edir”.
Deputat vurğulayıb ki, neft sahəsində əməkdaşlığımız da kifayət qədər möhkəm əsaslara malikdir:
“Azərbaycanın neft ixrac etdiyi ilk 10 dövlət sırasında Almaniya da yer alır. Bundan əlavə, 10 il müddətinə qaz ixracı ilə bağlı müqavilə imzalanıb və bu müqavilə uğurla icra olunur. Azərbaycan, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, hazırda 16 dövlətə qaz ixrac edir. Onlardan 10-u Avropa İttifaqı ölkəsidir, ümumilikdə isə 14 Avropa ölkəsi Azərbaycandan qaz alır. Bu gün Azərbaycan 25 milyard kubmetr qaz ixrac edir ki, bunun da yarısı Avropa ölkələrinin payına düşür. Azərbaycan-Almaniya əlaqələri Avropa İttifaqı çərçivəsində də inkişaf edir. Prezident İlham Əliyev mətbuata bəyanatında qeyd etdi ki, mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri, may ayında Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallasın Azərbaycana səfəri, iyul ayında Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri, indi isə Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri, eləcə də ötən illərdə Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri onu göstərir ki, münasibətlərimiz artan xətt üzrə inkişaf edir. Prezidentin Almaniyaya bu səfəri də, heç şübhəsiz, əlaqələrimizi keyfiyyətcə yeni mərhələyə yüksəldir. Almaniya Prezidenti Frank-Valter Ştaynmayer açıq şəkildə bildirdi ki, Almaniya və Azərbaycan bu mürəkkəb və qəliz dünyada sabitlik adasıdır. Bu fikrin böyük siyasi əhəmiyyəti var. Avropa İttifaqının iqtisadi lokomotivi olan Almaniyanın ümumi daxili məhsulu 5 trilyon avrodan çoxdur və ölkə ildə 77-79 milyard kubmetr qaz idxal edir. Bu baxımdan Azərbaycan Almaniya üçün alternativ enerji mənbələrindən biridir”.
Millət vəkili Prezident İlham Əliyevin bu səfərinin və imzalanmış hər iki sənəd enerji sahəsində əməkdaşlığımız üçün yeni imkanlar açdığını qeyd edib:
“Yaşıl enerji istiqamətində də əməkdaşlığın böyük perspektivləri var. Azərbaycanın bu sahədə ciddi potensialı mövcuddur. Ölkəmiz 2032-ci ilə qədər 8 giqavat yaşıl enerji istehsal etməyi planlaşdırır ki, bu da qaza qənaət edilməsinə və Avropanın, o cümlədən Almaniyanın qaz təminatında yeni imkanların yaranmasına şərait yaradacaq. Eyni zamanda Azərbaycanın yaşıl enerjisinin Avropaya ixracı üçün də yeni perspektivlər açılır. Bu, olduqca vacib məsələdir. Yeri gəlmişkən, Almaniya kansleri Fridrix Merts də Azərbaycan Prezidentini Ermənistanla sülh müqaviləsinin paraflanması münasibətilə təbrik etdi və Almaniyanın bu prosesə öz töhfəsini vermək niyyətində olduğunu bildirdi.
Beləliklə, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri göstərdi ki, bütün parametrlər üzrə Azərbaycan-Almaniya əlaqələrinin inkişafı üçün yeni imkanlar açılıb və münasibətlərimiz keyfiyyətcə yeni mərhələyə daxil olur”.
Qeyd edək ki, Azərbaycan ilə Almaniya arasında münasibətlər keyfiyyətcə tam yeni mərhələyə qədəm qoyur. İki ölkə arasında strateji tərəfdaşlığa dair birgə bəyannamələr imzalanıb. Sənədlər iki ölkə liderləri tərəfindən təsdiqlənib. Bu addım siyasi, iqtisadi və təhlükəsizlik əlaqələrini daha da gücləndirəcək. Tərəflər müntəzəm hökumətlərarası məsləhətləşmələr keçirəcəklər. Qarşılıqlı səfərlər və müxtəlif mövzularda dialoqlar intensivləşəcək.


