Reklam fəaliyyətində qanunvericiliyin tələblərinə əməl olunmaması inzibati məsuliyyət yaradır. Xüsusilə yalan, gizli və istehlakçını çaşdıran reklamların yayımlanmasına görə fiziki və hüquqi şəxslər müxtəlif məbləğlərdə cərimə oluna bilərlər.
Bəs hansı reklamlar İnzibati Xətalar Məcəlləsinin tələblərini pozur və bu hallarda reklamverənləri hansı inzibati məsuliyyət gözləyir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən hüquqşünas Əkrəm Həsənov bildirib ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsində bir neçə maddə mövcuddur.
"İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsi körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamı ilə bağlı tələbləri tənzimləyir. Bu məhsulların reklamında istifadənin yaş məhdudiyyəti barədə məlumatın verilməməsinə, mütəxəssislə məsləhətləşmənin zəruriliyinin və ana südünün üstünlüyünün qeyd olunmamasına, həmçinin həmin reklamların hamilə qadınlar və analar arasında tibb müəssisələrində yayımlanmasına görə inzibati məsuliyyət nəzərdə tutulur. Bu halda fiziki şəxslər 50 manatdan 200 manatadək, vəzifəli şəxslər 250 manatdan 300 manatadək, hüquqi şəxslər isə 750 manatdan 1000 manatadək cərimə edilir.
Bundan başqa, İnzibati Xətalar Məcəlləsinin 428-ci maddəsi bütövlükdə "Reklam haqqında" qanunvericiliyin pozulmasını tənzimləyir. Məsələn, əmtəələr, işlər, xidmətlər və ya onların istehsalçıları haqqında tamah məqsədilə bilə-bilə yalan məlumatların reklamda istifadə edilməsinə görə fiziki şəxslər 200 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan 1200 manatadək, hüquqi şəxslər isə 4000 manatdan 6000 manatadək cərimə edilir. Həmçinin reklam istehlakçısının şüuruna təsir göstərmək və diqqətini reklam obyektinə cəlb etmək məqsədilə reklamın reklam kimi təqdim olunmadan, eləcə də sponsorluq və ya tərəfdaşlıq qeydi göstərilmədən gizli reklam formasında yayımlanmasına görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək, hüquqi şəxslər isə 1000 manatdan 2000 manatadək cərimə olunur. Bundan əlavə, haqsız, qeyri-dəqiq və gizli reklamın mənfi nəticələrinin qarşısının alınması və aradan qaldırılması məqsədilə reklam fəaliyyətinin subyektlərinə müəyyən edilmiş müddətdə, həmin reklamın təkzib edilməməsinə və ya təkzibin yayımlanması qaydalarına əməl olunmamasına görə 30 manatdan başlayaraq 2000 manatadək cərimə nəzərdə tutulur.
Resept əsasında buraxılan dərman vasitələrinin, eləcə də qanunvericiliklə reklamı məhdudlaşdırılan tibbi vasitələrin reklamı ilə bağlı tələblərin pozulmasına görə də inzibati məsuliyyət müəyyən edilib. Bioloji aktiv qida əlavələrinin dərman vasitəsi olmadığı və müalicəvi xüsusiyyətlərə malik olmadığı barədə məlumat verilmədən onların reklamının yayımlanmasına görə də 2000 manatadək cərimə tətbiq oluna bilər. Açıq məkanda reklam haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə isə bəzi hallarda 10 min manatadək cərimə nəzərdə tutulur.
Ümumilikdə reklam sahəsində qanunvericiliyin pozulmasına görə İnzibati Xətalar Məcəlləsində müxtəlif məsuliyyət tədbirləri müəyyən edilib", – deyə Əkrəm Həsənov fikrini tamamlayıb.


