Siyasət Özəl

Almaniya Azərbaycana niyə daha çox önəm verir? — Açıqlama

Almaniya Azərbaycana niyə daha çox önəm verir? — Açıqlama

“Bu əməkdaşlıq təkcə Azərbaycan-Almaniya münasibətləri kontekstində deyil, bütövlükdə Cənubi Qafqazın geosiyasi, geoiqtisadi və təhlükəsizlik mühitinə təsir göstərə biləcək əhəmiyyətə malikdir”.

Bu sözləri siyasi şərhçi Aydın Quliyev Demokrat.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Almaniyanın regionda sülh və təhlükəsizlik baxımından açar rol oynayan Azərbaycanla, eləcə də müəyyən dərəcədə Ermənistanla yaxşı münasibətləri mövcuddur:

“Almaniya bölgədə sülh prosesində maraqlı olduğunu nümayiş etdirir ki, bu da Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Eyni zamanda Almaniyanın Orta Dəhliz üzərində böyük imkanlara malik olan Azərbaycanla münasibətlərə daha çox önəm verməyə başlaması diqqət çəkir. Görünür ki, Almaniya Hörmüz boğazında yaranan böhranın uzunmüddətli ola biləcəyini nəzərə alaraq Azərbaycanın Orta Dəhlizdəki imkanlarına, eləcə də ölkəmizin mühüm enerji ixracatçısı kimi roluna daha ciddi yanaşmağa başlayıb. Hazırda Azərbaycanla Almaniya arasında illik təxminən 1,5 milyard dollarlıq ticarət dövriyyəsinin böyük hissəsini neft ixracı təşkil edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Almaniyaya səfəri zamanı bu ölkəyə Azərbaycan neftinin daha böyük həcmdə tədarük edilə biləcəyini bildirdi. Bu, Almaniyanın mövcud şəraitdə Azərbaycanın enerji resurslarına ehtiyac duyduğunu və buna xüsusi önəm verdiyini göstərir”.

Aydın Quliyev əlavə edib ki, bununla yanaşı, Almaniya artıq Azərbaycandan qaz alan ölkələr sırasındadır:

“Azərbaycanın Almaniyaya qaz ixracı imkanları hələ tam istifadə olunmayıb və Almaniya hökumətinin dəstəyi ilə bu həcmlərin gələcək illərdə artırılması mümkündür. Almaniya bölgəmizdə sülh gündəliyinin irəliləməsinə də töhfə verə biləcək ölkələrdən biridir. Ermənistan üzərində müəyyən təsir imkanlarına malik olması sülh prosesinin sürətlənməsinə müsbət təsir göstərə bilər. Digər tərəfdən, Almaniyanın Avropadakı aparıcı siyasi çəkisi Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Avropa Parlamenti və AŞPA kimi qurumların Azərbaycana münasibətdə bəzən obyektivlikdən uzaq mövqe sərgilədiyi şəraitdə Almaniyanın milli deputat korpusunun bu platformalarda daha balanslı və obyektiv yanaşmanın formalaşmasına töhfə verməsi mümkündür.

Şübhəsiz ki, Prezident İlham Əliyevin Almaniyaya son səfəri, kansler və ölkə prezidenti ilə keçirdiyi görüşlər Azərbaycan-Almaniya münasibətlərində strateji dialoqun yeni mərhələsinin əsasını qoyacaq. Eyni zamanda bu proses Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafında da yeni imkanlar yaradacaq və Almaniya bu istiqamətdə öz potensialını ortaya qoya biləcək”.

Qeyd edək ki, Azərbaycan ilə Almaniya arasında münasibətlər keyfiyyətcə tam yeni mərhələyə qədəm qoyur. İki ölkə arasında strateji tərəfdaşlığa dair birgə bəyannamələr imzalanıb. Sənədlər iki ölkə liderləri tərəfindən təsdiqlənib. Bu addım siyasi, iqtisadi və təhlükəsizlik əlaqələrini daha da gücləndirəcək. Tərəflər müntəzəm hökumətlərarası məsləhətləşmələr keçirəcəklər. Qarşılıqlı səfərlər və müxtəlif mövzularda dialoqlar intensivləşəcək.

Fidan Hacızadə

D
demokrat.az