120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizəd, tanınmış jurnalist Zaur Əhməd oğlu Məmmədov təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşlərini davam etdirir.
Namizəd fevralın 2-də Müşfiqabad qəsəbəsində məcburi köçkünlərlə görüşüb.
Görüş zamanı platforması barədə danışan Zaur Məmmədov seçiciləri aktiv olmağa çağırıb. Bildirib ki, bu dəfə fərqli bir seçki mühiti var və yeni simaların parlamentə düşməsi üçün imkanlar yaranıb.
Onun sözlərinə görə, yerli icra hakimiyyəti orqanlarının bəzi rəhbər şəxsləri hansısa namizədin təbliğatına dəstək versələr də, son qərarı seçici verəcək:
“Bildiyiniz kimi, Prezident İlham Əliyev xalqın dəstəklədiyi namizədlərin parlamentə düşməsinin vacibliyini vurğulayıb. Yəni, kimlərsə vəzifəsindən, səlahiyyətindən istifadə edib hansısa namizədi dəstəkləyə bilər, amma Siz buna fikir verməyin. Əmin olun ki, siz kimi istəyirsinizsə, ona səs verib millət vəkili seçə biləcəksiniz. İnanın və seçkiyə qatılıb 5 illik müddətinə vəkilinizi seçin”.
Z. Məmmədov deyib ki, istər sosial-iqtisadi, istər digər problemlərlə bağlı seçicilərin mövqeyində prinsipiallıq müayiş etdirəcək:
“Haqqınızı kimsəyə yedirməyəcəm. Əgər sizi 5 il müddətinə Milli Məclisdə təmsil etməyimi istəyirsinizsə, 9 fevralda mütləq məntəqələrə gəlib mənə səs verin. Başqa namizədiniz də ola bilər. Yəni, qərarınız, seçiminiz nə olur olsun, seçimi özünüz edin”.
Görüşdə iştirak edən məcburi köçkünlər, keçmiş döyüşçülər və qazilər çıxış edərək, şəhid övladı Zaur Məmmədovu dəstəkləyəcəklərini bildiriblər. Onlar görüşdə iştirak etməyən köçkünlərin də seçkiyə təşviq edərək Zaur Məmmədova səs verəcəklərini deyiblər.


