Bakının Nərimanov rayonunda kirayədə yaşayan iki dost arasında baş verən mübahisə cinayət işi ilə nəticələnsə də, tərəflərin barışması səbəbindən məhkəmə işi xitam olunub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə onların birgə yaşadıqları mənzildə baş verib.
İstintaq materiallarına əsasən, 1999-cu il təvəllüdlü, Ağstafa rayon sakini Ədalət (ad şərtidir) həmin gün saat 09:00 radələrində yaşadığı ünvanda tanışı Fuad (ad şərtidir) ilə şəxsi münasibətlər zəminində mübahisə edib.
Mübahisə davaya çevrilib. Bu zaman Ədalət Fuada təpik zərbəsi endirərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Faktla bağlı Ədalətə Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ədalət elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxslə barışdığını və bir daha belə hadisəyə yol verməyəcəyini bildirib.
Zərərçəkmiş Fuad da məhkəmədə Ədalətlə barışdığını təsdiqləyib. O, dostuna qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən, Ədalət cinayət məsuliyyətindən azad edilib.
Məhkəmənin qərarı ilə onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.


