Turizm Özəl

Turistlərin ölkə seçiminə təsir edən gizli faktor — Açıqlama

Turistlərin ölkə seçiminə təsir edən gizli faktor — Açıqlama

Azərbaycanın bir sıra ölkələrlə viza rejimini sadələşdirməsi və bəzi istiqamətlər üzrə vizasız gediş-gəliş imkanları yaratması turist axınının artırılması baxımından mühüm addımlardan biri hesab olunur. Lakin viza tələbinin aradan qaldırılmasının real olaraq ölkəyə gələn turistlərin sayına təsiri sual doğurur.

Maraqlıdır, bəzi ölkələrlə viza rejiminin ləğvi və sadələşdirilməsi Azərbaycana gələn turistlərin sayının artmasına nə dərəcədə təsir edir? Turist axınını artırmaq üçün yalnız vizasız gediş-gəliş kifayətdirmi, yoxsa digər amillər də əsas rol oynayır?

Turizm eksperti Ceyhun Aşurov Demokrat.az-a açıqlamasındavizanın qarşılıqlı şəkildə ləğv edilməsinin, vizasız rejimin tətbiqini, eləcə də yerində və onlayn viza imkanlarının genişləndirilməsinin turizmin inkişafı baxımından müsbət addım olduğunu deyib:

“Lakin bunlar turist axınının artmasına təsir edən əsas amillərdən yalnız biridir. Əsas fundamental faktor təhlükəsizlikdir. Hər hansı regiona turist axınının formalaşması üçün insanlar ilk növbədə özlərini təhlükəsiz hiss etməlidirlər. Azərbaycan bu baxımdan əlverişli ölkələrdən biridir. İkinci mühüm amil isə destinasiyanın əlçatan olmasıdır. Potensial turist hər hansı ölkəni seçərkən ilk növbədə həmin ölkəyə çatmağın nə qədər rahat və sərfəli olduğunu qiymətləndirir. Bu gün insanlar onlayn platformalar vasitəsilə uçuş qiymətlərini, marşrutları və ümumi səyahət xərclərini asanlıqla müqayisə edə bilirlər. Buna görə də nəqliyyat xərcləri və ölkəyə rahat çıxış imkanları seçimə ciddi təsir göstərir”.

Ceyhun Aşurov bununla yanaşı, vizasız rejimin, birbaşa uçuşların mövcudluğunun, turizm məhsullarının şaxələndirilməsinin, maraqlı marşrutların təqdim edilməsi və xidmət keyfiyyətinin də vacib amillərdən hesab edildiyini qeyd edib:

“Bunlar daha çox sonrakı mərhələdə turistin seçimində və məmnuniyyətində rol oynayır.

Turizmdə keyfiyyətin yüksəlməsi və daha rəqabətli məhsulların formalaşması üçün ilk növbədə turist axınını artırmaq lazımdır. Ölkəyə gələn turistlərin sayı artdıqca bazarda rəqabət də güclənir. Bu isə turizm obyektlərini və xidmət göstərən müəssisələri daha keyfiyyətli xidmət təqdim etməyə, məhsullarını təkmilləşdirməyə və qonaq məmnuniyyətini artırmağa sövq edir. Nəticədə həm xidmət səviyyəsi yüksəlir, həm də ölkənin turizm sektoru daha dayanıqlı şəkildə inkişaf edir”.

Fidan Hacızadə

D
demokrat.az