Sosial Özəl

Kitab oxumaqdan uzaqlaşan cəmiyyəti gözləyən risk — Sosioloq açıqladı

Kitab oxumaqdan uzaqlaşan cəmiyyəti gözləyən risk — Sosioloq açıqladı

Texnologiyanın inkişafı və sosial medianın geniş yayılması insanların informasiya qəbul etmə vərdişlərini dəyişib. Əvvəllər saatlarla kitab oxuyan insanlar bu gün daha çox qısa videolara, sürətli məlumat axınına və vizual məzmuna üstünlük verirlər.

İnsanların kitab oxumaqdan uzaqlaşıb qısa videolara və sürətli informasiyaya üstünlük verməsinin əsas səbəbləri nələrdir?

Demokrat.az-a bu barədə açıqlama verən sosioloq Naib Niftəliyevin fikrinə əsasən insanların sürət axtarışında olması və medianın çoxsaylı təqdimatları fonunda konkretlik, aydınlıq və birbaşa nəticələrə yönələn verilişlərə, qısa buraxılışlara, videolara və ifadələrə daha çox üstünlük verməsi təbiidir:

“Çünki yüksək informasiya axınının öhdəsindən gəlmək, hər bir məsələyə ayrıca vaxt ayırmaq və geniş təhlillər aparmaq hər zaman mümkün olmur. Hətta həyat proseslərinin özü müəyyən mənada sürətlənib. İnsanlar artıq texnologiyadan daha çox asılıdırlar. Yeni texnologiyalar, rəqəmsal imkanlar, avtomobillər və müxtəlif texnoloji vasitələr əlçatan olduqca insanlar düşünürlər ki, zaman və məkan baxımından nə qədər vaxt qazanırlarsa, bir o qədər çox imkan əldə edirlər. Bu baxımdan insanları müəyyən mənada anlamaq və onların bu yanaşmasına haqq qazandırmaq mümkündür. Sırf kitab oxumaq məsələsinə gəldikdə isə insanlar kitab vərdişlərindən tamamilə uzaqlaşmayıblar. Yaxşı, mənalı, həyat yolunu göstərən və düzgün istiqamət verən kitabları axtarıb tapır, oxuyurlar. Sadəcə olaraq, texnologiya artıq bunun alternativlərini təqdim edir. İnsan müxtəlif mənbələrə, məlumatlara və biliklərə süni intellekt və digər rəqəmsal platformalar vasitəsilə daha rahat çıxış əldə edə bilir, hətta müəyyən məzmunları özü hazırlaya bilir. Bu baxımdan insan müəyyən mənada öz yaradıcılığının imkanları ilə yeni mərhələyə qədəm qoyur. Texnologiya istər-istəməz insanın bəzi vərdişlərini mənimsəyir və müəyyən mənada avtonom sosiallaşdırıcı funksiyanı öz üzərinə götürür. Sosial medianın, sosial texnologiyaların və süni intellekt əsaslı platformaların fəaliyyəti də məhz bununla bağlıdır. Yeni texnologiyalar və resurslar vasitəsilə birbaşa çıxış, birbaşa əlaqə imkanları yaranır. Orta statistik göstəricilərə malik bir insan belə texnologiyalardan düzgün istifadə etməklə müəyyən üstünlüklər əldə edə, yaradıcı aktora çevrilə və öz kontentini yarada bilir. Bu isə kütləvi mədəniyyət anlayışını daha da gücləndirir. İnsanlar artıq kütlənin yaratdığı qısa formatlı, əsas məzmuna fokuslanan kontentləri izləməyə daha çox meyllidirlər”.

Onun sözlərinə görə, əvvəllər, xüsusilə XX əsrin sonları və XXI əsrin ilk onilliyində kitab formatı daha böyük əhəmiyyət daşıyırdı:

“Lakin 2015-2017-ci illərdən etibarən texnologiyaların dərinləşməsi, internet imkanlarının genişlənməsi və süni intellekt dəstəyinin əlavə olunması sosial və texnoloji proseslərin mahiyyətini dəyişdi. Təbii ki, insan istənilən halda oxumağa, öyrənməyə və mütaliəyə meyllidir. Heç bir texnologiya kitab oxumağın, dərin mütaliənin yerini tam əvəz edə bilməz. Sadəcə olaraq, zaman və məkan baxımından oxumağa əvvəlki qədər vaxt ayırmayan insanlar yeni kontent formatlarında daha çox rahatlıq və məqsədyönlülük görürlər. Onlar düşünürlər ki, əgər qısa şəkildə əsas nəticəni əldə edə bilirəmsə, niyə uzun müddət səbəblər üzərində düşünməliyəm? Daha çox düşünmək, oxumaq və mütaliə etmək isə yaradıcılığa, dərin biliyə və keyfiyyətli düşüncəyə üstünlük verən insanların fəaliyyətidir. Cəmiyyətə mütaliənin əhəmiyyəti düzgün şəkildə aşılanarsa, insanlar bunu qəbul edəcək və oxumağa davam edəcəklər.

Ümumilikdə, təhsil alanların, oxuyanların və kitab mütaliə edənlərin sayı azalıb. Sadəcə olaraq, yeni kontentlə ənənəvi mütaliə, çap və kağız üzərində olan yaradıcılıq arasında müəyyən uyğunsuzluq yaranıb. Bu uyğunsuzluq müvəqqəti xarakter daşıyır və gələcəkdə elektron kitabların daha geniş yayılması mümkündür. Hətta müəlliflər öz kitablarını müstəqil şəkildə hazırlayıb elektron platformalarda təqdim edə bilərlər. Bu istiqamət artıq onlayn kitab satışı prosesində özünü doğruldur. Təcrübə göstərir ki, çap mediasının insan yaddaşına, düşüncəsinin inkişafına, sakit və diqqətli mütaliəyə təsiri daha güclüdür və bu xüsusiyyətlər əvəzolunmazdır. Texnoloji platformalarda izlədiyimiz qısa məlumatlar düşüncəmizə təsir etsə də, çox vaxt yaddaşda uzun müddət qalmır və dərin analiz imkanlarını məhdudlaşdırır. Amma ənənəvi media və çap məhsulları – kitablar, elmi nəşrlər, elmi-publisistik əsərlər, bədii ədəbiyyat, hekayələr, məqalələr, şeirlər və digər yaradıcılıq nümunələri özündə xüsusi məzmun və dəyər daşıyır. Yeni texnologiyalar isə əslində bu məzmunlara diqqəti artırmaq üçün də istifadə oluna bilər. Yəni yazılı mədəniyyətlə texnoloji informasiya paralel şəkildə inkişaf etməlidir.

Sosioloq əlavə edib ki, hazırda QR-kod kimi üsullar da bu istiqamətdə yeni imkanlar yaradır:

“Müəyyən mənbələrə istinad etmək, kitabları çap etməklə yanaşı, onların elektron versiyalarını da təqdim etmək mümkündür. İnsan həm fiziki kitab əldə edə, həm də elektron formada həmin məzmuna çıxış tapa bilər. Bu baxımdan mütaliə üçün müxtəlif alternativlərin yaradılması vacibdir. Digər tərəfdən, çap məhsullarından zərurət olmadıqca daha səmərəli istifadə etmək ekoloji mühitin qorunmasına da xidmət edə bilər. Çünki hər bir çap məhsulunun hazırlanması müəyyən təbii resurslar tələb edir. Bununla yanaşı, texnologiyanın inkişafı da əlavə enerji resurslarına ehtiyac yaradır. Ona görə də burada əsas məsələ balansın yaradılmasıdır. İnsan həm ekologiyaya, həm özünə, həm də cəmiyyətə zərər vermədən, sağlamlığını və düşüncəsini inkişaf etdirərək yeniliklərlə ənənələri əlaqələndirməyi bacarmalıdır. Mütaliə düşüncənin və şüurun inkişafı deməkdir. Texnologiyadan da, ənənəvi ədəbiyyatdan da imtina etmək doğru yanaşma deyil. Əsas məqsəd hər ikisini paralel şəkildə inkişaf etdirməkdir. İnsan lazım gəldikdə saatlarla kitab oxumağı, lazım gəldikdə isə qısa zamanda çoxsaylı informasiya mənbələrindən yararlanmağı bacarmalıdır. Bu, insanın məqsədindən, niyyətindən və yanaşmasından asılıdır. Səbəb-nəticə əlaqəsini düzgün qurmaq istəyən insan bütün imkanları balanslı şəkildə dəyərləndirir. Hər kəs texnologiya ilə ənənəvi mütaliə arasında düzgün tarazlıq yarada bilsə, bir çox problemlərin həlli mümkün olar”.

Fidan Hacızadə

D
demokrat.az