Rusiyadakı yanacaq böhranı ən kritik həddinə çatıb.
Demokrat.az xəbər verir ki, Rusiyanın "Rosneft", "Gazprom Neft" və "Lukoil" şirkətləri əlavə benzin tədarükü üçün Hindistanın neft emalı zavodlarına müraciət ediblər.
Xatırladaq ki, Ukraynanın Rusiyadakı neft emalı obyektlərinə hücumlarından sonra Rusiyada kəskin yanacaq çatışmazlığı yaranmış, YDM-lərin qarşısında uzun növbələr düzülmüşdü.
"Rosneft", "Gazprom Neft" və "Lukoil" şirkətlərinin əlavə benzin tədarükü məqsədilə Hindistanın neft emalı zavodlarına müraciət etməsi isə neft bazarı üzrə ekspertlərin fikrincə, vəziyyətin artıq çıxılmaz həddə çatdığını göstərir.
Məlumata görə, Rusiyadakı neft emalı zavodlarının emal gücünün təxminən 40 faizi azı iki-üç ay müddətində fəaliyyətsiz qalacaq. Bu da ilin sonunadək ölkənin yanacaq bazarında çatışmazlığın davam edəcəyindən xəbər verir.
Qeyd edək ki, Hindistanda istehsal olunan benzinin bir partiyası artıq treyderlər vasitəsilə Rusiyaya göndərilib və növbəti tədarüklərin də həyata keçirilməsi gözlənilir. Bu, enerji ticarətində qeyri-adi dəyişiklik olmaqla yanaşı, böhranın miqyasını da nümayiş etdirir. Hindistan Rusiyanın xam neftinin ən böyük alıcılarından biri olsa da, hazırda Rusiyanın özünə yanacaq tədarük edən ölkələrdən birinə çevrilir.
Alparslan Demokrat.az


