Kainatın ən böyük sirlərindən biri hesab edilən qaranlıq maddə ilə bağlı elm dünyasında diqqətçəkən yeni nəzəriyyə irəli sürülüb. Tədqiqatçılar bu günədək birbaşa müşahidə olunmayan bu görünməz maddənin gizli beşinci ölçüdə mövcud ola biləcəyini iddia edirlər.
Demokrat.az xəbər verir ki, Şeffild və İndiana universitetlərinin fizikləri tərəfindən hazırlanan yeni model qaranlıq maddənin xüsusiyyətlərini izah etmək üçün əlavə ölçülərin həndəsi quruluşuna əsaslanır.
Araşdırmaya görə, qaranlıq maddə hələ mövcudluğu təsdiqlənməmiş və "qaranlıq foton" adlandırılan qüvvədaşıyıcı hissəciklə birlikdə gizli əlavə ölçüdə mövcuddur. Alimlər hesab edirlər ki, həmin ölçünün həndəsi quruluşu bu hissəciklərin kütlələrinin təbii şəkildə uyğunlaşmasına səbəb olur və nəticədə "qaranlıq maddə rezonansı" adlandırılan hadisə yaranır.
Süni tənzimləməyə ehtiyac qalmır
Əslində, "qaranlıq maddə rezonansı" anlayışı elm dünyası üçün yeni deyil. Lakin indiyədək irəli sürülən modellərdə bu rezonansın yaranması üçün hissəciklərin kütlələrinin nəzəri baxımdan son dərəcə dəqiq şəkildə, yəni süni olaraq tənzimlənməsi tələb olunurdu.
Yeni araşdırmanın əsas üstünlüyü isə bu zərurəti aradan qaldırmasıdır. Fiziklərin fikrincə, rezonans heç bir süni müdaxiləyə ehtiyac olmadan, gizli əlavə ölçünün riyazi quruluşu sayəsində təbii şəkildə meydana gəlir.
Bu yanaşma qaranlıq maddənin kainatın ilkin dövrlərində niyə daha güclü qarşılıqlı təsirdə olduğunu, hazırda isə niyə demək olar ki, heç bir təsir göstərmədiyini və aşkarlanmasının nə üçün bu qədər çətin olduğunu izah etməyə kömək edir.
İki mühüm fizika probleminə vahid yanaşma
Bu elmi yanaşma fundamental fizikanın uzun illərdir cavab axtardığı iki mühüm sualı eyni nəzəri çərçivədə birləşdirir: qaranlıq maddənin mahiyyəti və bildiyimiz üç fəza ölçüsündən kənarda əlavə ölçülərin mövcudluğu.
Alimlərin qənaətinə görə, qaranlıq maddənin mahiyyətinin tam başa düşülməsi təkcə kainatın quruluşunu anlamağa kömək etməyəcək. Bu istiqamətdə aparılan tədqiqatlar zamanı hazırlanan yüksək həssaslıqlı detektorlar, kvant ölçmə texnologiyaları və xüsusi soyutma sistemləri gələcəkdə tibb, kompüter mühəndisliyi və qlobal rabitə kimi bir çox sahədə yeni texnologiyaların inkişafına da təkan verə bilər.


