Bakının Nəsimi rayonunda 36 yaşlı kişi sevgi münasibətində olduğu qadını döyüb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Cəlilabad rayon sakini, 1990-cı il təvəllüdlü İlqar idarə etdiyi avtomobildə qeyri-rəsmi münasibətdə olduğu Süsən (adlar şərtidir – red.) ilə mübahisə edib.
Aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı o, Süsənin baş nahiyəsinə əli ilə qəsdən zərbə vurub, sağ əlinin baş barmağını dişləyərək ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Faktla bağlı İlqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və zərərçəkmiş şəxslə barışdığını bildirib.
Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilib, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunub və iş üzrə icraata xitam verilib.


