Şəmkir rayonunda qonşular arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Şəmkir şəhəri, Əhməd Cavad küçəsində baş verib. 1977-ci il təvəllüdlü Ramil həmin küçədə binanın həyətində yerləşən istirahət skamyasında əyləşən qonşusu Pərvizə yaxınlaşaraq onun barəsində məlumatlar yaymasına görə irad bildirib.
Bu zaman onlar qarşılıqlı olaraq biri-birilərinin ünvanına nalayiq ifadələr işlədiblər. Sonra tərəflər arasında əvvəlcə söz mübahisəsi baş verib. Mübahisə zamanı Ramil yumruq zərbəsi ilə Pərvizin sol göz nahiyəsinə qəsdən vuraraq ona xəsarət yetirib.
Faktla bağlı Ramilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Ramil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Pərviz qonşusudur və aralarında normal münasibətlər olub:
“Əvvəllər heç bir zaman mübahisəmiz baş verməyib. Sonuncu dəfə məlum hadisə günü, saat 19 radələrində yaşadığım evdə təkbaşına spirtli içki qəbul etdim. Saat 21 radələrində evdən çıxaraq yaxınlıqda yerləşən mağazaya siqaret almaq üçün getdim. Yaşadığım binanın həyətindən keçən zaman həyətdə yerləşən istirahət skamyasında əyləşmiş Pərvizin xatırlamadığım bir şəxslə söhbət etdiyini gördüm. Pərvizə yaxınlaşıb onunla bir neçə gün əvvəl evimdə qarşılıqlı olaraq spirtli içki içməyimiz barədə başqalarının yanında söhbət etməsinin səbəbini soruşdum, ona irad bildirdim”.
Təqsirləndirilən şəxs deyib ki, aralarında söz mübahisəsi yaranıb və onlar bir-birilərinin yaxalarından tutublar:
“Həmin zaman bir-birimizi itələdiyimiz üçün hər ikimiz skamyanın kənarlarında yerləşən dəmirlərə dəyərək xəsarətlər aldıq. Bundan sonra yaxınlıqda olan Eldəniz yaxınlaşaraq bizi sakitləşdirdi və ayırdı. Daha sonra mağazaya gedərək siqaret aldım və evimə qayıtdım. Sonradan Pərvizin məndən şikayət etdiyini öyrəndim”.
Şəmkir Rayon Məhkəməsində işə baxılan zaman məlum olub ki, təqsirləndirilən şəxs ilə zərərçəkmiş arasında barışıq əldə olunub.
Bu səbəbdən Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilib, Ramil cinayət məsuliyyətindən azad edilib və onun barəsində cinayət təqibinə, həmçinin hazırkı cinayət işi üzrə icraata xitam verilib.


