Sosial Özəl

Milli mədəniyyət görünməz təhlükə ilə üz-üzədir — Açıqlama

Milli mədəniyyət görünməz təhlükə ilə üz-üzədir — Açıqlama

Müasir dövrdə sosial şəbəkələr və digər rəqəmsal platformalar milli mədəniyyətin təbliği üçün mühüm vasitələrdən birinə çevrilib. Bir tərəfdən bu platformalar milli musiqinin, folklorun, adət-ənənələrin və mədəni irs nümunələrinin daha geniş auditoriyaya çatdırılmasına imkan yaradır. Digər tərəfdən isə qısa videolar, trend məzmunlar və alqoritmlər səbəbindən milli mədəniyyət bəzən sadələşdirilmiş, kontekstdən çıxarılmış və səthi formada təqdim olunur.

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında sosioloq Naib Niftəliyev bildirib ki, rəqəmsal platformalar, süni intellekt texnologiyaları və sosial şəbəkələr milli mədəniyyətin qorunması, təbliği və daha geniş auditoriyaya çatdırılması baxımından mühüm üstünlüklərə malikdir:

"Biz birmənalı şəkildə bu platformalardan istifadə edərək milli dəyərlərin inkişaf etdirilməsinin, təbliğinin və dünya ictimaiyyətinə çatdırılmasının tərəfdarıyıq. Bu proses hazırda da davam edir. Digər tərəfdən, bu platformalar müəyyən alqoritmlər əsasında fəaliyyət göstərir və həmin alqoritmlər insanların davranışına da təsir edir. Mədəniyyətin təbliği üçün müxtəlif onlayn portallardan, eləcə də Mədəniyyət Nazirliyinin rəsmi internet resurslarından istifadə etmək mümkündür.

Bununla yanaşı, müxtəlif amillərin düzgün qiymətləndirilməsi də vacibdir. Adət-ənənələr daha çox insanların davranışında və həyat tərzində yaşayır. Sosial şəbəkələrdə isə hər kəs özünü daha yaxşı formada təqdim etməyə çalışır. Lakin bu, ümumi mənzərəni dəyişmir. Digər tərəfdən, texnologiyalar vasitəsilə məzmunun dəyişdirilməsi, montaj edilməsi və təhrif olunması ehtimalı da böyükdür. Süni intellektin inkişafı ilə görüntü və videoların hazırlanması xeyli asanlaşıb. Bu isə musiqinin, mətnlərin və digər mədəni irs nümunələrinin bəzən təhrif olunmasına səbəb ola bilər.

Bu baxımdan müəyyən problemlər mövcuddur. Texnologiyadan istifadə etməklə insanlar işlərini asanlaşdırmağa və milli motivli musiqilər hazırlamağa çalışırlar. Ümumi görüntü milli təsir bağışlasa da, bəzi incə detallar nəzərdən qaçır. Halbuki həmin detallar insanın dünyagörüşü, davranışı və milli düşüncəsi ilə bağlıdır. Buna görə də sosial şəbəkələrdən istifadə zamanı əsas məqsəd milli mədəniyyətin mahiyyətini geniş auditoriyaya düzgün şəkildə çatdırmaq olmalıdır.

İnsanlar qısa məzmuna və trend mövzulara maraq göstərməklə yanaşı, milliliyi, mənəvi dəyərləri, davamlılığı və milli mədəniyyətin incə xüsusiyyətlərini də qorumalıdırlar. Alqoritmlər, qısa videolar və trend məzmunlar rəqəmsal texnologiyaların tərkib hissəsidir. Onlar rəqəmsal transformasiyanın nəticəsidir. Lakin rəqəmsal platformaların birmənalı şəkildə yalnız müsbət və ya yalnız mənfi təsir göstərdiyini demək düzgün olmaz. Əgər bu texnologiyalardan düzgün istifadə etsək, onların iş prinsiplərini anlasaq və fəaliyyətimizi buna uyğun qursaq, bu halda milli mədəniyyətin, milli musiqinin və milli dəyərlərin qorunmasına, inkişafına və gələcək nəsillərə ötürülməsinə ciddi töhfə verə bilərik.

Milli mədəniyyətin zəifləməsi və cəmiyyət tərəfindən səthi qəbul olunması isə o zaman baş verir ki, sosial platformalarda sünilik, qeyri-peşəkarlıq və keyfiyyətsiz məzmun daha çox diqqət cəlb edir. Belə hallarda insanlar öz yaradıcılıqlarını texnologiyanın üzərinə buraxırlar. Halbuki istənilən texnologiyanın müəyyən məhdudiyyətləri var. Nə qədər inkişaf etmiş olsa da, o, insan düşüncəsini, yaradıcılığını və milli mədəniyyətin bütün incəliklərini tam şəkildə əvəz edə bilməz. Süni intellekt insanı təqlid edə bilər, hətta bəzi hallarda daha mükəmməl nəticə göstərə bilər. Lakin bu, reallığın özü deyil, sadəcə onun imitasiyasıdır.

Bu balansı qorumaq üçün insanlar ənənəvi təhsil metodlarına, mütaliəyə, milli düşüncəyə, orijinal musiqi alətlərinə, klassik bəstələrə və milli mədəniyyətin orijinal nümunələrinə üstünlük verməlidirlər. Texnologiya vasitədir, məqsəd deyil. Bu gün cəmiyyət texnologiyaya daha çox meyl göstərdiyi üçün bu balansı qorumaq çətinləşsə də, real ünsiyyət, ənənəvi təhsil və canlı sosial münasibətlər heç vaxt virtuallıq və rəqəmsallıqla tam əvəz oluna bilməz. İnsan öz düşünmə, təhlil etmə və qərarvermə qabiliyyətini daim inkişaf etdirməlidir ki, rəqəmsal platformalardan düzgün istifadə edə və müstəqil şəkildə qərarlar qəbul etsin.

İnsan hər zaman texnologiyaya güvənməməli və bütün qərarlarını ona əsaslandırmamalıdır. Məsələn, hər hansı məkanı tapmaq üçün yalnız onlayn xəritələrə etibar etmək düzgün yanaşma deyil. İnsan nə qədər müstəqil düşünür, anlayır, dərk edir və əldə etdiyi biliklər əsasında hərəkət edirsə, bir o qədər sosial və real həyatla bağlı olur. Milli dəyərlərin qorunması və inkişaf etdirilməsinin əsas şərtlərindən biri də budur. Rəqəmsal texnologiyalar bu prosesdə yalnız köməkçi vasitə rolunu oynamalıdır."

Əgər bütün məsuliyyəti texnologiyanın üzərinə qoysaq, o zaman müəyyən ümumiləşdirmələr yarana bilər. Məsələn, süni intellekt Qafqaz xalqlarının oxşar mədəni xüsusiyyətlərini ümumi şəkildə təqdim edə bilər. Halbuki etnoloji və etnopsixoloji baxımdan xalqlar arasında mühüm fərqlər mövcuddur. Milli mədəniyyət də məhz bu fərqlərlə seçilir."

Azərbaycan milli mədəniyyəti Qafqaz mədəni məkanının bir hissəsi olmaqla yanaşı, qədim türk mədəniyyətinin də davamıdır. Buna görə də alqoritmlər və trend məzmunlar bəzən bu incə fərqləri tam əks etdirə bilmir, hətta çaşqınlıq yarada bilir. Bütün bunları nəzərə almaq və rəqəmsal texnologiyalardan milli dəyərlərin qorunmasına xidmət edəcək şəkildə istifadə etmək vacibdir", – deyə sosioloq fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az