Avto Özəl

İsti havada avtomobili necə tez sərinlətmək olar?

İsti havada avtomobili necə tez sərinlətmək olar?

Yay istisində günəş altında qalan avtomobilin salonunda temperatur çox yüksək həddə çata bilər. Belə hallarda sürücülərin çoxu kondisioneri dərhal maksimum gücdə işə salsa da, mütəxəssislər bunun ən effektiv üsul olmadığını bildirirlər.

Demokrat.az "Real Simple" nəşrinə istinadən xəbər verir ki, avtomobili əvvəlcə isti havadan təmizləmək, yalnız bundan sonra salonu soyutmağa başlamaq daha yaxşı nəticə verir.

Əvvəlcə isti havanı salondan çıxarın

"Universal Technical Institute" təhsil müəssisəsinin təhsil proqramları üzrə rəhbəri və avtomobil təmiri üzrə mütəxəssis Tayler Rods tövsiyə edir ki, avtomobil uzun müddət günəş altında qalıbsa:

* pəncərələri bir qədər açın; * ventilyatoru aşağı sürətdə və xarici hava rejimində işə salın; * kondisionerin resirkulyasiya rejimini ilk dəqiqələrdə aktivləşdirməyin.

Onun sözlərinə görə, hava axınını aşağı ventilyasiya çıxışlarına və ya ayaq hissəsinə yönəltmək, sistemi 1–2 dəqiqə işlətmək lazımdır.

"Məqsəd əvvəlcə salonun daxilində toplanmış həddindən artıq isti havanı kənarlaşdırmaqdır", deyə Rods bildirib.

Bir neçə dəqiqədən sonra pəncərələri bağlamaq və yalnız bundan sonra kondisioneri resirkulyasiya rejiminə keçirmək tövsiyə olunur.

Qapı və pəncərə üsulu

"Good Works Auto Repair" şirkətinin təsisçisi Qlen Heyvord daha bir sadə üsul təklif edir.

Onun sözlərinə görə:

* avtomobilin bir pəncərəsini tam açın; * qarşı tərəfdəki qapını 5–8 dəfə cəld açıb-bağlayın.

Mütəxəssis vurğulayır ki, qapını çırpmaq lazım deyil, sadəcə sürətlə açıb-bağlamaq kifayətdir.

Bu üsul nəticəsində salonun içindəki çox isti hava bayıra çıxır, onun yerini isə çöldəki nisbətən sərin hava tutur. Hətta çöldə temperatur 38°C olsa belə, bu, salon daxilində 60°C-dən yüksək temperaturdan xeyli aşağıdır.

Bundan sonra ventilyatoru əvvəlcə xarici hava rejimində işə salmaq, daha sonra isə kondisioneri resirkulyasiya rejiminə keçirmək tövsiyə edilir.

Salonun həddindən artıq qızmasının qarşısını necə almaq olar?

Mütəxəssislər bildirirlər ki, avtomobilin salonunun həddindən artıq qızmasının qarşısını almaq onu sonradan soyutmaqdan daha asandır. Bunun üçün aşağıdakı tövsiyələr verilir:

* ön şüşə üçün günəşdən qoruyan ekran istifadə edin; * mümkün olduqda avtomobili kölgədə park edin; * keyfiyyətli şüşə tonlamasından istifadə edin; * sükanı, oturacaqları və təhlükəsizlik kəmərlərini dəsmal və ya örtüklə qoruyun; * təhlükəsizlik baxımından mümkün olduğu hallarda avtomobili tərk edərkən pəncərələri təxminən 1–2,5 santimetr aralı saxlayın ki, salon havalansın.

Jalə

D
demokrat.az