Türkiyənin tanınmış modeli, aktrisası və aparıcısı Çağla Şıkel sosial şəbəkədə paylaşdığı yeni fotosu ilə diqqət mərkəzinə düşüb.
Demokrat.az xəbər verir ki, 47 yaşlı model oğlu ilə çəkdirdiyi filtrsiz və makiyajsız selfini izləyiciləri ilə bölüşərək təbii görünüşü ilə böyük rəğbət qazanıb.

Sıx iş qrafikinə baxmayaraq övladları ilə vaxt keçirməyə xüsusi önəm verən Çağla Şıkel restoranda oğlu ilə çəkdirdiyi səmimi fotonu sosial media hesabında paylaşıb.
Fotoda modelin üzündəki mimika qırışlarını və yaşlanma əlamətlərini heç bir filtr və ya foto redaktəsi ilə gizlətməməsi istifadəçilər tərəfindən yüksək qiymətləndirilib. Sadə saç düzümü və təbii görünüşü də izləyicilərin diqqətini çəkib.

Paylaşım qısa zamanda minlərlə bəyənmə və şərh toplayıb. İzləyicilər "Təbiiliyini qoruyub", "Qırışlarını gizlətməməsi çox gözəldir", "Yaş aldıqca daha da zərif görünür" kimi fikirlərlə modelə dəstək veriblər.
Qeyd edək ki, Çağla Şıkel 1997-ci ildə keçirilən "Miss Turkey" gözəllik müsabiqəsinin qalibi olub. Həmin il "Miss World" müsabiqəsində də uğur qazanaraq dünya dördüncüsü seçilib və "Avropa Gözəli" tituluna layiq görülüb. O, Fransa, Almaniya, ABŞ, Rusiya və Çin də daxil olmaqla bir çox ölkədə keçirilən moda nümayişlərində Türkiyəni təmsil edib.

Modellik fəaliyyəti ilə yanaşı, aktrisa və aparıcı kimi də uğur qazanan Çağla Şıkel Azərbaycanda da maraqla izlənilən "Cennet Mahallesi" serialındakı "Sultan" obrazı ilə geniş tamaşaçı sevgisi qazanıb. Hazırda o, televiziya layihələrində iştirak etməklə yanaşı, rəqəmsal platformalarda sağlam həyat tərzi, idman və yoqa ilə bağlı paylaşımlar edir.



