Azərbaycanda son illər toy mərasimlərinin daha dəbdəbəli və yüksək xərcli keçirilməsi cəmiyyətdə geniş müzakirə olunur.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında sosioloq Əhməd Rəhmanov bildirib ki, həm gənclər, həm də onların valideynləri ilk növbədə toyun mahiyyətini düzgün dərk etməlidirlər.
Onun sözlərinə görə, "toy bir şoudur" və onun gələcək ailə həyatına birbaşa təsiri yoxdur:

"İlk öncə biz gənclərə və onların valideynlərinə deməliyik ki, toy bir şoudur. Bu şounun onların gələcək həyatına demək olar ki, heç bir aidiyyəti yoxdur. Əgər onlar gələcəkdə yola getməyəcəklərsə, kompromis yarada bilməyəcəklərsə, toyun necə keçməsinin bununla heç bir əlaqəsi yoxdur. Bəzi bölgələrdə dəbdəbəyə və pafoslu həyata meyl daha qabarıq hiss olunur. İnsanlar əldə etdiklərini ətrafdakılara nümayiş etdirməyə çalışırlar və bu meyl zaman keçdikcə daha da güclənib”.
Ə.Rəhmanovun sözlərinə görə, bu davranışın əsas səbəbi insanların psixoloji vəziyyəti ilə bağlıdır:
"Bütün bunlar insanların psixi durumu ilə bağlıdır. Burada başqa izah axtarmağa ehtiyac yoxdur. Kiminsə "yeganə övladımdır, onun üçün edirəm" deməsi əsas səbəb deyil. Son 40 ildə Azərbaycanda bütün mənəvi dəyərlər deqradasiyaya uğrayıb. İnsana münasibət, əməyə münasibət, milli ənənələrə və digər dəyərlərə baxış dəyişib. Xaricdən gələn təsirlər və sosial mühit də bu prosesə öz təsirini göstərir. Toy sənayesindən gəlir əldə edənlər də insanların bu meylindən istifadə edərək dəbdəbəni daha da təşviq edirlər. Əvvəllər yalnız yaxın qohumların baxdığı nişan hədiyyələri bu gün nümayiş predmetinə çevrilib. Onlar özləri üçün yox, ətrafdakılar üçün yaşayırlar. Toylarda da çalışırlar ki, başqalarına sübut etsinlər. Ailə xoşbəxtliyini müəyyən edən amil toyun təmtərağı deyil, həyat yoldaşlarının bir-birini anlaması və sağlam münasibət qura bilməsidir”.
"İstər gənc, istər onun valideyni anlamalıdır ki, bu, sadəcə şoudur. Onların gələcək həyatı toyun dəbdəbəsindən yox, bir-birini anlamasından və yola getməsindən asılıdır” , - sosioloq fikrini tamamlayıb.


