Argentinada məhkəmə uyğun olmayan şəraitdə saxlanılan "Fede" və "Magui" adlı iki yapon balığını "hüquq sahibi və hiss edə bilən canlılar" kimi tanıyıb.
Demokrat.az xəbər verir ki, qərara əsasən, balıqlar restoranın vitrinindən götürülərək daha uyğun yaşayış mühitinə köçürülüb. Bu qərarın oxşar heyvan hüquqları işləri üçün hüquqi presedent yaradacağı gözlənilir.
Argentinanın paytaxtı Buenos-Ayresdə suşi restoranının vitrinində saxlanılan "Fede" və "Magui" adlı iki yapon balığı məhkəmə qərarı ilə "hüquq sahibi və hiss edə bilən canlılar" kimi tanınıb.
Heyvan hüquqlarını müdafiə edən “Jaulas Vacias” ("Boş qəfəslər") qeyri-hökumət təşkilatı balıqların günəş altında, küçə səs-küyünə məruz qalan təxminən 40 litrlik akvariumda saxlanılmasının onlara qarşı pis rəftar olduğunu əsas gətirərək məhkəməyə müraciət edib.
Məhkəmə balıqların saxlanıldığı şəraitin uyğun olmadığını müəyyən edərək "Fede" və "Magui"nin mütəxəssis Karlos Xose Aqanının himayəsinə verilməsi barədə qərar çıxarıb. Daha sonra balıqlar təxminən 2 500 litrlik yeni akvariuma köçürülüb.
Qərarda həmçinin qeyd olunub ki, balıqlar yalnız əşya deyil, hüquq sahibi və hiss edə bilən canlılardır. Bununla da oxşar şəraitdə saxlanılan heyvanların qorunması istiqamətində mühüm hüquqi presedent yaradılıb.
İşi qaldıran vəkil Matias Trufero bildirib ki, balıq saxlamaq özlüyündə qanunsuz deyil. Lakin heyvanların kifayət qədər yaşayış sahəsi olmadan saxlanılması, onlara lazımi qayğı göstərilməməsi və ya laqeyd münasibət göstərilməsi Argentina qanunvericiliyinə əsasən cinayət hesab olunur.
Bu qərar Argentinada daha əvvəl oranqutan Sandraya "insan olmayan şəxs" statusunun verilməsindən sonra heyvan hüquqları sahəsində atılmış növbəti mühüm addımlardan biri kimi qiymətləndirilir.
Jalə Demokrat.az


