Bakının Sabunçu rayonunda 50 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 16-da baş verib. Astara rayon sakini, 1976-cı il təvəllüdlü Abdulla həmin gün saat 21 radələrində yaşadığı mənzildə ailə məişət münaqişəsi zəminində baş vermiş mübahisə zamanı əlləri ilə həyat yoldaşı Zibeydəni (adlar şərtidir – red.) vuraraq ona xəsarətlər yetirib.
Faktla bağlı Abdullanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Abdulla ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2014-cü ildə Zibeydə ilə ailə həyatı qurub: “Bizim bir qız övladımız var. Lakin rəsmi nikaha daxil olmamışıq. Mən spirtli içki aludəçisiyəm və bu səbəbdən Zibeydə ilə aramızda dəfələrlə mübahisələr yaranıb”.
Təqsirləndirilən şəxs deyib ki, yanvarın 16-da işdən çıxdıqdan sonra Sabunçu rayonu, Komsomol dairəsi yaxınlığında bir qədər vaxt keçirdikdən sonra yaşadığı mənzilə gəlib:
“Qapını döydüyüm zaman Zibeydə qapını gec açması səbəbindən əsəbiləşdim. Qapı açıldıqdan sonra mənzilə daxil oldum və qızımın yüksək hərarətinin olduğunu gördüm. Bununla bağlı mənə əvvəlcədən məlumat verilməməsinin səbəbini soruşdum. Həmin vaxt Zibeydə “məlumat versəydim nə olacaqdı” ifadəsini işlətdi. Bu zaman əsəbləşərək Zibeydənin baş nahiyəsindən bir dəfə yumruq zərbəsi vurdum. Daha sonra isə sol qolundan vuraraq ona xəsarət yetirdim”.
Zərərçəkmiş Zibeydənin sözlərinə görə, həyat yoldaşı Abdulla mütəmadi olaraq spirtli içki qəbul edərək ailə daxilində mübahisələr yaradır, onu döyərək xəsarətlər yetirib və nalayiq ifadələrlə təhqir edib:
“Bu hallarla bağlı indiyədək rəsmi şikayət etməmişəm. 16 yanvar 2026-cı ildə, axşam saatlarında yaşadığım mənzildə olarkən giriş qapısının bərk döyüldüyünü eşidərək bayıra çıxdım və qapını açdım. Həmin vaxt Abdulla mənzilə daxil oldu. Daha sonra qapının gec açılmasını bəhanə edərək ünvanıma nalayiq ifadələr işlətdi, üzərimə hücum edərək yumruq zərbələri ilə baş və qol nahiyəmdən vurdu. Mənə xəsarətlər yetirdi”.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 9 ay müddətinə islah işləri cəzasına məhkum edilib.


