Hadisə Özəl

Ağır Hacıqabul qəzası görünməyən riski üzə çıxardı

Ağır Hacıqabul qəzası görünməyən riski üzə çıxardı

Dünən Hacıqabulda baş verən ağır qəza Çin istehsalı olan avtobusların təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib. Hadisə zamanı "Yutanq" markalı nəqliyyat vasitəsinin yol tutuşunun zəif olması və bəzi funksiyaların çatışmazlığı iddia edilir. Sürücünün ilkin açıqlaması da məhz bu şübhələri artırıb.

Bəs qəzanın səbəbi avtobusun Çin markasına məxsus olması ola bilər?

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının idarə heyətinin sədri Eyyub Əliyev Demokrat.az-a bu barədə açıqlamasında bildirib ki, qəza baş verərkən avtomobilin hansı marka və ya model olması əsas məsələ deyil:

“Əsas diqqət yetirilməli məqam onun təhlükəsizlik göstəriciləridir. Bu baxımdan rəsmi idxalçılar tərəfindən ölkəyə gətirilən nəqliyyat vasitələrinə üstünlük verilməsi daha məqsədəuyğundur. Çünki belə avtomobillərin təhlükəsizlik standartlarına uyğunluğu, servis təminatı, ehtiyat hissələrinin əlçatanlığı və mütəxəssislər tərəfindən dövri texniki qulluq imkanları daha etibarlı olur”.

Eyyub Əliyevin sözlərinə görə, təəssüf ki, bəzi şəxslər və sahibkarlar fərdi qaydada minik avtomobilləri, avtobuslar və digər nəqliyyat vasitələri idxal edirlər:

“Bu isə müəyyən risklər yarada bilər. Belə hallarda avtomobilin texniki vəziyyətinə mütəmadi nəzarət, peşəkar servis xidməti və dövri texniki baxış məsələləri hər zaman lazımi səviyyədə təmin olunmaya bilər.

Qəzanın konkret hansı səbəbdən baş verdiyini bilmədən bununla bağlı qəti fikir söyləmək düzgün olmaz. Ancaq bir məqamı xüsusilə vurğulamaq istəyirəm ki, avtomobilin Çin, Koreya və ya Yaponiya istehsalı olması həlledici amil deyil. Əsas məsələ onun təhlükəsizlik standartlarına cavab verməsi və istismar müddətində texniki vəziyyətinin düzgün qorunmasıdır”.

Beləliklə, Hacıqabuldakı qəza nəqliyyat vasitələrinin mənşəyindən daha çox, onların texniki vəziyyətinə nəzarət məsələsini aktuallaşdırır. Ölkəyə qeyri-rəsmi yollarla gətirilən və lazımi servis xidməti almayan avtobuslar sərnişinlər üçün böyük təhlükə yaradır. Təhlükəsizliyin əsas təminatı isə markanın hansı ölkəyə məxsus olması deyil, standartlara düzgün əməl edilməsidir.

Fidan Hacızadə

D
demokrat.az